Qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan xalça sənətinin özünəməxsus estetikasına müasir dövrdə yeniliklərin əlavə erdilməsi nə qədər mümkünsüz görünsə də, həm ötən, həm də yaşadığımız müasir yüzillikdə buna qismən də olsa şahidlik edə bilmişik. Bu yeniliklərin yaradıcıları isə bir qayda olaraq klassik bədii prinsiplərə tapınan el sənətkarları yox, ali təhsil ocaqlarında görkəmli xalça ustası Lətif Kərimovdan dərs almış nəslin nümayəndələridir. Onların sırasında Xalq rəssamı Eldar Mikayılzadə, Əməkdar rəssamlar Arif İsmayılov, Aydın Rəcəbov, Məmmədhüseyn Hüseynov və Taryer Bəşirovla, eləcə də Eldar Hacıyev, Tahir Məcidov, Fazil Abbasquluzadə və Afaq Kərimovanın adlarını çəkmək olar.

Etiraf edək ki, zamanında A.Kərimovadan fərqli olaraq adlarını çəkdiyimiz digər müəlliflərin bədii-texniki improvizələrində nə qədər özünəməxsus estetik çalarlar müşahidə olunsa da, onların yaratdıqlarında klassikaya sıx bağlılıq hələ də qalmaqda idi. Afaq Kərimova isə təhsil sonrası bir neçə xalçasında (“Sənsiz”, “Natəvan”, “Yeddi gözəl”) özünün ənənəyə tapındığını sərgiləsə də, çox tezliklə ənənəviləşən bədii həddi aşmağa, ona yeni çalarlar əlavə etməyə cəhd etdi.

Onun 1995-ci ildə ərsəyə gətirdiyi və bu gün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində nümayiş etdirilən “Məhəmməd Füzuli” xalçası bunun ilk əyani görüntüsü oldu. Gənc müəllifin xalçanın ümumi formasını bütövlüyü əldə olunmuş iki hissəyə bölməsi öz-özlüyündə yeni idi.  Doğrudan da, xalçanın düzbucaqlı formatının yuxarısına əlavə şairin portretini artıran və bu çıxıntının tacvarı görkəmini verən müəllifin bununla onun cəlbediciliyinə nail olmasını həm də ənənəvi bədii görkəmə yenilik bəxş etməsi baxımından çox maraqlı tapıntı saymaq mümkündür. Əsərin aşağı – mərkəzi hissəsində kitablı rəhilin üzərində “Leyli və Məcnun” poemasının qəhrəmanlarını üz-üzə qoyan rəssam, məna-məzmun daşıyıcılığı aydın duyulan bu fiqurları ümumi kompozisiyanın “tac”ı ilə əlaqələndirərək nakam məhəbbət dastanının obrazlı təcəssümünə nail olduğunu sərgiləyə bilmişdir.

Oxşar bədii yanaşmanı elə həmin ildə yaratdığı “Şəbi-hicran” xalçasında da tətbiq edən Afaq Kərimova təzadlı rəng çalarının köməkliyi ilə ayrılıq gecəsinin yaşantılarına cəlbedici və təsirli bədii yozum verməyə nail olmuşdur. Bu dəfə də ümumi kompozisiyanı iplərin rombvarı toxunuşu ilə iki qeyri-bərabər hissəyə bölən müəllif yuxarıdakı naxışlarla örtülmüş kiçik sahədə günəş və yazılı vərəqlərlə əhatələnmiş “Şəbi-hicran, yanar canım...” sözlərini həkk etdirmiş, aşağı iri sahənin yuxarı sonluğunu isə onu ilhamlandıran “Leyli və Məcnun” poemasının adını çıxıntı formalı yazılışı ilə tamamlamışdır. Qənaətimizcə, müəllif əsərin rəng təzadları ilə əldə olunmuş ümumi koloritində şairin misralarında ifadə olunmuş kədəri obrazlı tutum ilə ifadə edə bilmişdir. Ay işığı altında görüntüyə gətirilmiş aşiqlərin çöhrələrindəki ümidsizlik, eləcə də şamdandakı iki yanan şamın birləşməyə meylli olmamasını vurğuladığımız şair fikrinin obrazlı bədii təcəssümü hesab etmək olar.

Afaq Kərimovanın yaradıcılığında Hüseyn Cavid mövzusunun geniş yer tutması təsadüfi deyil. O, bu əsərləri dramaturqun Bakıdakı ev-muzeyinin rəssamı vəzifəsində çalışdığı illərdə ərsəyə gətirmişdir. Xalçalar Hüseyn Cavidə və onun ailə üzvlərinə həsr olunmuşdur. Əgər H.Cavidə həsr olunmuş əsərdə (1996) rəssam bir il əvvəl yaratdığı “Məhəmməd Füzuli” xalçasının bədii həll formasından yararlanıbsa, qalan üç toxuculuq nümunəsində ənənə ilə müasirliyin vəhdəti olaraq qəhrəmanlarının portretlərindən yuxarı hissəni tamamlayan cəlbedici element kimi istifadə etmişdir. Əsərlərin dominantına çevrilən portretlərin bədii həllində “xalça dili” estetikasına tapınıldığından, əldə olunan dekorativlik digər sahələrdəki ornament və təsvirlərlə ahəngdarlıq təşkil edir. Bu mənada “Hüseyn Cavid – əbədiyyət” (1996), “Müşgünaz Cavid” (2004), “Ərtoğrul Cavid” (2004) və “Turan Cavid” (2004) xalçalarında kompozisiyaları təşkil edən müxtəlif süjetli təsvirlərin cəlbedici estetikasının, həm də əsərlərin məna-məzmun yükünün dolğunluğunu şərtləndirdiyini deməliyik.

Afaq Kərimova hazırda Xalq şairi Səməd Vurğunun Bakıdakı ev-muzeyində nümayiş olunan “Könlüm keçir Qarabağdan” (2006) xalçasının bədii həllində də kompozisiyanın yuxarıdan “bədii tac”la tamamlanması ənənəsinə sadiq qalmışdır. Mərkəzi hissədə şairə Xurşudbanu Natəvanı, bəstəkar Üzeyir Hacıbəylini, xanəndə Xan Şuşinskini və şair Səməd Vurğunu görüntüyə gətirən rəssam vurğuladığımız “tac”da “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan...” sözlərini yazmışdır. Kompoziyaya daxil edilmiş digər çoxsaylı elementlərdə də əsərin ümumi ideyasının gücləndirilməsinə yardımçı ola biləcək məzmun yükü mövcuddur.

Müəllifin  rəmzi elementlərlə zəngin olan “Azərbaycan” (2001) xalçasında da yuxarıda şərh etdiyimiz əsərin forma-biçim estetikasından istifadə olunmuşdur. Mərkəzi hissəni tutan və ornamentlərlə əhatələnmiş iri “göl”ün daxilində Azərbaycanın xəritəsi, yurdumuzu hifz edən ilahi qüvvələrin rəmzi-dekorativ təqdimatında ovqatyaradıcı estetik çalarlar kifayət qədərdir. Bu dəfə xalçanın yuxarı sonluğunun dominantı kimi M.Ə.Rəsulzadənin məşhur “Bir kərə yüksələn bayraq, bir daha enməz!” kəlamı çıxış edir.

Elə həmin ildə ərsəyə gətirilən orijinal biçimli “Dədə Qorqud” üçlüyünün məna-məzmun tutumunda məşhur el ağsaqqalının dilindən səslənən fikirlərlə yanaşı, türk soyumuzun qədimiliyini təsdiqləyən tarixi-etnoqrafik tutumlu təsvirlər yer aldığından, bu dolğun məzmunlu əsər qürurverici mənəvi-estetik qaynaq kimi qəbul olunur.

Afaq Kərimova həm də “batik” texnikasında işlənmiş çoxsaylı dekorativ-tətbiqi sənət əsərlərinin müəllifi kimi tanınır. Rəng improvizələrinə geniş imkan verən bu texnikanın uğurlu tətbiqi sayəsində onun müxtəlif mövzulara həsr olunmuş çoxsaylı batik nümunələri mövcuddur. Bu mənada “Xarıbülbül” (1986), “Pərvanə” (1991), “İlham Əliyev” (1997), “Füzuli ədəbi məclisi” (2000), “Bacıma” (2000), “Nəsrin Ərbil” (2000), “S.Yesenin – ilham pərisi” (2001), “Leyli” (2002), “Məcnun” (2002), “Nazim Hikmət – ceviz ağacı” (2002), “Hürriyyət nəğməsi” (2003), “Alın yazısı” (2004), “Mehriban xanım Əliyeva” (2007) və digər əsərlərinin adını çəkmək olar. Bu batiklər mövzu baxımından nə qədər fərqli olsalar da, onların dərin məna tutumu ilə seçilən kompozisiyalarında tamaşıçının diqətini cəlb edə biləcək, onu dialoqa çəkmək gücündə olan bədii ayrıntılar kifayət qədərdir.

2007-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Afaq Kərimovanın əsərləri dünyanın bir çox ölkələrində (ABŞ, Türkiyə, İspaniya, Fransa və s.) uğurla nümayiş etdirilmişdir. Onun xalça və batikləri yerli və xarici ölkə muzey və şəxsi kolleksiyalarını bəzəməkdədir.

Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor