Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinə ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edib. Təqdimat AMM ilə təhsil ocağı arasında imzalanan memoranduma əsasən reallaşıb.

Kitablar arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafı, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər var. Kolleksiyada Azərbaycan Mədəniyyət Nazirliyi və AMM-in layihəsi ilə Daşkənddə çap özbək dilində çap olunan Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı kitablar, habelə Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsinə dair nəşrlər də yer alıb.

AMM-in özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən”, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları, habelə Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər və s. universitetə hədiyyə edilən nəşrlər arasındandır.