Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı pandemiyanın doğurduğu ilyarımdan çox fasilədən sonra pərdələrini açır. Teatr oktyabrın 15-də yeni mövsümə ənənəvi olaraq “Qarabağnamə” tamaşası ilə başlayır. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında səhnələşdirilən tamaşa Qarabağda tarixi Zəfərdən sonra bir başqa ovqatla baxılacaq.

Oktyabrın 16-da isə Akademik Milli Dram Teatrının yubiley tamaşası var. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin növbəti tamaşası baş rolun ifaçısı – Xalq artisti Nurəddin Mehdixanlının 65 illik yubileyinə həsr ediləcək. Tamaşanın quruluş müəllifi Xalq artisti Azər Paşa Nemətovdur.

Görkəmli bəstəkar Qara Qarayevin 1966-cı ildə “Ölülər” tamaşası (rej. Tofiq Kazımov) üçün yazdığı musiqi yeni versiyada təqdim olunacaq. Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri Əməkdar artist Anar Heybətov oynayacaq. Digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nur, Sabir Məmmədov, Əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Mirzə Ağabəyli və başqaları canlandıracaq.