14-cü “Asiya və Sakit Okean Ölkələri Ekran Mükafatları”na (Asia Pacific Screen Awards) namizədlər elan olunub. 25 ölkədən 38 filmin nominant olduğu mükafatların qalibləri noyabrın 14-də Avstraliyada keçiriləcək tədbirdə açıqlanacaq.

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından bildirilib ki, İlqar Nəcəfin “Suğra və oğulları” filmi “ən yaxşı ssenari” nominasiyasına namizəddir.

Film İkinci Dünya müharibəsi zamanı ucqar dağ kəndində baş verən hadisələrdən bəhs edir. Kəndin kişiləri müharibəyə gediblər. Suğra da kəndin digər qadınları kimi ağır məişət işləri görür, övladlarını böyüdür. Suğranın böyük oğlu Musanı cəbhəyə çağırırlar. Bu xəbərdən sonra Suğranın həyatında dramatik dönüş başlanır...

Filmin çəkilişləri 2019-cu ilin noyabr-dekabr aylarında Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb. Ekran əsərinin baş prodüseri İlqar Nəcəf, prodüserləri Orman Əliyev və Ayhan Salar, rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və İlqar Nəcəfdir. Əsas rolları Günəş Mehdizadə, İlqar Cahangir, Hümbət Əhmədzadə və Paşa Məmmədli ifa edirlər. Filmin təsvir rejissoru Ayhan Salardır.

“Butafilm”, Bakı Media Mərkəzi, “Arizona Production” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsalı olan “Suğra və oğulları” bədii filmi hazırda Cənubi Koreyada A kateqoriyalı Busan Beynəlxalq Film Festivalının müsabiqə bölməsində iştirak edir.

Xatırladaq ki, rejissor İlqar Nəcəfin “Buta” filmi 2011-ci ildə “Asia Pacific Screen Awards”ın “ən yaxşı uşaq bədii filmi”  nominasiyasında mükafat qazanıb.