Mütəfəkkir şairin 880 illiyinə həsr olunan “İşıq festivalı”


Dahi Azərbaycan şairi və mütəfəkkiri, dünya ədəbiyyatının böyük söz nəhəngi Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizdə və xaricdə müxtəlif tədbirlər keçirilir, mütəfəkkir ədibin bəşəri ideyaları diqqət mərkəzinə çəkilir.

Oktyabrın 14-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında açıq havada dahi söz ustadının bənzərsiz əsərlərinə həsr olunmuş miniatürlər əsasında “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihənin açılış mərasimi keçirildi.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə “Nizami Gəncəvi İli” çərçivəsində reallaşdırılan layihə ədibin zəngin poetik-fəlsəfi irsinə daha böyük ictimai maraq cəlb etmək məqsədi daşıyır.

Mərasimdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, nazirin birinci müavini Elnur Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, bir sıra ölkələrin Bakıdakı səfirləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Festival başlamazdan öncə jurnalistlərə açıqlama verən mədəniyyət naziri Anar Kərimov “Nizami Gəncəvi İli” çərçivəsində nazirlik tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini dedi, “İşıq festivalı”nın da bu tədbirlərin davamı olduğunu qeyd etdi: “Nizami Gəncəvinin bu gün də insanları mənəvi-əxlaqi kamilləşməyə çağıran ölməz “Xəmsə”sinin motivləri üzrə çəkilmiş miniatürlərin söz ustadının adını daşıyan muzeyin fasadında canlandırılması ilə Bakı şəhərində möhtəşəm bir mənzərəyə şahidlik edirik. Festivalı keçirməkdə əsas məqsədimiz müxtəlif ölkələrdə – Rusiya Milli Kitabxanası, İstanbulda Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli miniatürlər vasitəsilə dünya ədəbiyyatında məxsusi yerə malik Nizami yaradıcılığını ictimaiyyətin diqqətinə çatdırmaqdır. Şairin daim gərəkli əsərlərindən müxtəlif süjetlər işıq seli ilə canlandırılaraq möhtəşəm bir mənzərə yaradacaq. Vətəndaşlarımızı festival ərzində bu audiovizual görüntüyə baxmağa dəvət edirik”.

Noyabrın sonunda “Nizami həftəsi” keçirməyi planlaşdırdıqlarını söyləyən nazir vurğuladı ki, həftə ərzində ölkəmizdə görkəmli şairə ithaf edilən tamaşalar, konsertlər və təqdimatlar təşkil olunacaq.

Sonra qonaqlar Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında “Xəmsə”nin motivləri üzrə çəkilmiş audiovizual görüntüyə baxdılar.

Bildirək ki, 3D audiovizual proyeksiya formatında reallaşan festival oktyabrın 16-dək davam edəcək.

NURƏDDİN