Oktyabrın 16-da Ankarada yaşayan soydaşımız – tanınmış heykəltəraş Sait Rüstəmin əsərlərindən ibarət sərgi açılıb. Sənətkarın sərgi və sənət evində baş tutan tədbirdə  Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, səfirliyin əməkdaşları da iştirak ediblər.

Sənətkarın müxtəlif janr və üslublarda işlədiyi əsərləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Sait Rüstəm ölkəmizi onun hüdudlarından kənarda uğurla təmsil edən soydaşlarımızdandır.  Türkiyənin bir çox bölgələrini onun yaratdığı heykəllər bəzəyir. Əsərləri Rusiya, ABŞ VƏ Gürcüstanın müxtəlif şəhərlərində də nümayiş edilib.

Müəllifin budəfəki fərdi sərgisində müxtəlif ölçülərdə heykəllər, həmçinin rəsm işləri, zəngin material və üslub imkanlarından istifadə edilərək yaratdığı əsərlər yer alıb.

Sait Rüstəm 30 ildən çoxdur Türkiyədə yaşayıb çalışmağıma baxmayaraq, hər yerdə Azərbaycan heykəltəraşı kimi təqdim olunur. Özünün dediyi kimi, bundan qürur hissi keçirir: “Dünyanın hansı ölkəsində yaşmağımızdan asılı olmayaraq biz öz doğma Vətənimizin övladlarıyıq”.

Mehparə SULTANOVA
Ankara