Oktyabrın 21-də Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” adlı beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Konfrans Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə hibrid formatda (canlı və onlayn iştirak) keçirilir. Tədbirə Azərbaycan, Türkiyə, Yaponiya, Argentina, Ukrayna, Türkmənistan, Rusiya, Latviya, Avstriya, Almaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan 30-dan çox mütəxəssis qatılıb.

Konfrans iştirakçılarını salamlayan muzeyin direktoru Şirin Məlikova peşəkar xalçaçılıq sənəti tarixində Kamil Əliyevin tutduğu yerdən danışıb. “Kamil Əliyev: rəssam və dövr” adlı məruzə ilə çıxış edən Ş.Məlikova bildirib ki, Milli Xalça Muzeyində rəssamın əsərlərindən ibarət dəyərli kolleksiya qorunub saxlanılır: “Burada rəssamın müəllifi olduğu və bir hissəsi daimi ekspozisiyaya daxil edilmiş 29 müəllif xalçası, həmçinin 702 eskiz və texniki rəsm, planşetlər, basma və qələmkar texnikasında hazırlanmış üç süfrə və ipək şarf, rəssamın eskizi əsasında ornamentlə bəzədilmiş çini nahar dəsti və kiçik fotoarxiv qorunur. Kamil Əliyevə dünya şöhrəti qazandıran onun portret xalçaları olub. Sənətkar bu janrı xalçaçılığın bu gün də yüksək tələbat olan bir qoluna çevirməyə müvəffəq olub”.

Konfransda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Müsəlman Şərqinin xalça dili və ənənələri müstəvisində Azərbaycan xalça dili və dialektlərinin özünəməxsusluqları” mövzusunda məruzə ilə çıxış edib.

İkigünlük konfransda “Xalçaçı rəssamlar ənənə çərçivəsində”,  “Xalça müasir rəssamların yaradıcılığında”, “Müasir xalça sahəsində kurator layihələri”, “Azərbaycanın müasir xalça sənəti” mövzularında məruzələr dinləniləcək.