Bir il öncə bu günlər Vətən müharibəsinin döyüş meydanlarından rəşadətli Azərbaycan Ordusunun qalibiyyət xəbərləri gəlirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin televiziya ilə xalqa hər müraciəti Ordumuzun Zəfər müjdəsi ilə bağlı idi. Bu müraciətləri işğaldan azad olunan şəhər-rayonların sakinləri xüsusi həyəcanla dinləyirdilər. Çünki həmin xoş müjdələr, ilk növbədə, torpaq həsrətli o insanlara ünvanlanırdı. Bir il sonra, tarixi qalibiyyətlərin ildönümündə dövlət başçısı yenə onlara xitab edir. Artıq bu dəfə azad torpaqlarda, onlarla üz-üzə görüşərək...

Oktyabrın 20-də Zəngilanın işğaldan azad edilməsinin ildönümündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar. Dövlətimizin başçısı və birinci xanım rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Azərenerji”nin “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.

Sonra Prezident və birinci xanım Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

“Mən ilk dəfə Zəngilana keçən ilin sonlarında gəldim, dekabr ayında və o vaxt heyran oldum bu diyara. Əzəmətli dağlar, yaşıl meşələr, çaylar, iqlim – bura, doğrudan da Azərbaycanın ən gözəl yerlərindən biridir və məqsədimiz də odur ki, Zəngilanı yenidən quraq. Çünki köhnə Zəngilandan bir şey qalmayıb. Siz indi görürsünüz, mənfur düşmən demək olar ki, bütün binaları dağıtmışdır. Bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıtmışlar ki, biz buraya qayıtmayaq. Amma biz qayıtmışıq, şanlı Ordumuz düz bir il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu. Zəngilan azad olunandan sonra artıq yolumuz Qubadlıya açıldı və beş gün sonra Qubadlı azad olundu, ondan sonra da Laçın dəhlizinə çıxdıq. Laçın dəhlizinə çıxdıqda demək olar, düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb”, – deyə İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, indi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır: “Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi. Aprel ayında Ağalı kəndinin təməli qoyuldu. Bu gün mən buraya gəlməzdən əvvəl işin gedişatı ilə tanış oldum. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”.

Dövlət başçısı diqqətə çatdırıb ki, Zəngilanın işğaldan azad olunmasından sonra bu rayona dördüncü dəfədir gəlir və ötən müddətdə rayonun yenidən qurulması istiqamətində mühüm addımlar atılıb: “Dekabr ayında gəlmişdim, o vaxt vəziyyətlə tanış olduq. Ondan sonra fevral ayında gəlmişdim, o vaxt ermənilər tərəfindən bir çox hissəsi dağıdılmış Bəsitçay qoruğunda çinar ağacları əkdik. Aprel ayında gələndə hava limanının təməli qoyuldu. İndi oraya baş çəkdim, artıq zolağın torpaq işləri hazırlanır. Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmiryolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmiryolu məsələsi həll olunur...”.

Rayonda turizm, kənd təsərrüfatı, ətraf mühitin qorunması istiqamətində də işlərin görüldüyünü deyən dövlət başçısı vurğulayıb ki, Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilan şəhərinin baş planının hazırlanması ilə və Zəngilan rayonu ərazisindəki Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti ilə bağlı sərəncamlar imzalayıb.