20–22 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən "Qarabağın bərpa, yenidənqurma və inkişafı" beynəlxalq sərgisində ("Rebuild Karabakh 2021”) Mədəniyyət Nazirliyi tərəfindən qədim yurd yerimizin zəngin mədəni irsi təqdim olunub. Nazirliyin stendində Qarabağ xalçaları, Zəfər və Qarabağ mövzulu kitablar, keramika məhsulları və suvenirlər sərgilənib, Ağdamda yaradılacaq İşğal və Zəfər muzeyləri kompleksi, Cəbrayıl və Füzulidə tikiləcək Memorial komplekslər barədə tanıtım filmləri, habelə nazirliyin dəstəyi ilə Qarabağ haqqında hazırlanmış videoçarxlar nümayiş olunub.

Sərgidə maraqlı mədəni proqram da təqdim edilib. Dövlət Mahnı və Rəqs Ansamblının rəqqasları “Cəngi”, “Uzundərə”, “Naz eləmə”, “Sarı gəlin”, “Yallı” rəqslərini nümayiş etdiriblər. Muğam üçlüyü tərəfindən “Xudayar”, “Bayatı-Şiraz”, “Mahur”, “Segah” təsnifləri, “Qarabağ şikəstəsi” ifa edilib.

Mədəniyyət Nazirliyi, “Caspian Event Organisers” (CEO) şirkəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə təşkil edilən tədbir sərgi ziyarətçiləri, təşkilatçılar və qonaqlar tərəfindən məmnunluqla qarşılanıb.