Xəbər verdiyimiz kimi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında 20-23 oktyabr tarixində Özbəkistanın Qaraqalpaqstan Muxtar Respublikasında və Xarəzm vilayətində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilir.

Qaraqalpaqstanın inzibati mərkəzi Nukus şəhərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılış mərasimində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Berdaq adına Dövlət Musiqili Teatrında təşkil edilən mərasimdə yerli rəsmilər, elm, mədəniyyət xadimləri, ali məktəblərin müəllim heyəti və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri Qaraqalpaqstan Nazirlər Şurası sədrinin müavini Rasul Zareneyev açaraq belə səfərlərin tez-tez təşkil olunmasının Özbəkistan və Azərbaycan arasında mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına təkan verdiyini bildirib. O, Azərbaycan tərəfinə ilk dəfə olaraq Qaraqalpaqstanda keçirilən bu tədbirlərə görə təşəkkürünü bildirib.

AMM-in direktoru Samir Abbasov qardaş ölkələr arasında yüksək səviyyəli əlaqələr, mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlıq, həyata keçirilən layihələr haqqında danışıb, rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətindən söhbət açıb. O, Azərbaycan mədəniyyətinin Özbəkistanda, onun regionlarında tanıdılması, Qaraqalpaqstanda və Xarəzm vilayətində Azərbaycan mədəniyyəti, ədəbiyyatı günlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib. S.Abbasov deyib ki, bu il böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı Prezident İlham Əliyev “Nizami Gəncəvi İli” elan edib. Bu il özbək xalqının iftixarı Əlişir Nəvainin 580 illiyi münasibətilə müxtəlif tədbirlər keçirilir.

Qənirə Paşayeva Azərbaycandan qardaş Özbəkistana və qardaş qaraqalpaq xalqına salam gətirdiyini bildirib. O deyib ki, bu gün Azərbaycan və Özbəkistan prezidentləri öz xalqlarının inkişafı üçün var qüvvələri ilə çalışırlar. Ölkələrimiz arasında heç bir problem yoxdur. Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olması Türk Şurasını daha da gücləndirib.

Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında olmasından danışan komitə sədri vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur əsgər və zabitlərimiz Qarabağımızı və gözəl Şuşanı erməni əsarətindən xilas etdi.

Mərasimdə Azərbaycanın Qarabağ diyarının milli qadın və kişi geyimlərinin nümayişi keçirilib. “Qarabağ şikəstəsi”nin sədaları altında çıxışlar alqışlarla qarşılanıb.

Xalq artisti Gülyanaq Məmmədova xalq mahnıları və muğamlarımızı, Daşkənddə yaşayan saz ustası İlham Abdullayev qədim saz havalarımızı, AMM-in “Azərbaycan qızları” rəqs ansamblının üzvləri rəqslərimizi, yerli sənətçilər isə özbək və qaraqalpaq mahnı və rəqslərini təqdim ediblər.

Qeyd edək ki, Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsinə hər iki ölkənin mədəniyyət nazirlikləri dəstək göstərir.