Dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması Almaniyada nəşr olunub. "Nizami Gəncəvi İli" çərçivəsində Frankfurtun zəngin ənənəli "Hans-Jürgen Maurer" nəşriyyatında çapdan çıxan kitabı alman dilinə tanınmış mütərcim Rudolf Qelpke tərcümə edib.

Qeyd edək ki, kitab ilk dəfə 1963-cü ildə İsveçrənin Sürix şəhərindəki "Manesse" nəşriyyatında çap olunub. Lakin həmin nəşrin ön sözündə Nizami Gəncəvi almandilli oxuculara "fars şairi" kimi təqdim edilib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində "Leyli və Məcnun"un almanca yeni nəşri Nizamini "dahi Azərbaycan şairi" olaraq təqdim edən ön sözlə işıq üzü görüb.

Əsərə dair rəngli illüstrasiyalarla,  nəfis tərtibatda 1000 tirajla nəşr edilmiş kitabın ön sözünün müəllifi görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru Verlag Hans-Jürgen Maurerdir.

Bu günlərdə Frankfurt Beynəlxalq Kitab Yarmarkasında nümayiş olunan kitabın Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn və Lüksemburqun kitabxana və kitab evlərinə təqdim edilməsi nəzərdə tutulur.