Azərbaycan

 

25 oktyabr 1907 – Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirzəağa Yüzbaşı oğlu Quluzadə (1907-1979) anadan olub. 50-ci illərdə Azərbaycan EA-nın Ədəbiyyat və Dil İnstitutunun direktoru işləyib.

25 oktyabr 1911 – Biblioqraf, ədəbiyyatşünas, pedaqoq Əliheydər Bala oğlu Qəhrəmanov (1911–1959) anadan olub.

25 oktyabr 1912 – Xalq rəssamı Bədurə Məlik qızı Əfqanlı (Ağamalova; 1912 – 6.5.2002) anadan olub. Akademik Milli Dram Teatrında, “Azərbaycanfilm” Kinostudiyasında (“Dəli Kür”, “Dədə Qorqud” və s. filmlər) geyim üzrə rəssam işləyib.

25 oktyabr 1921 – Görkəmli aktrisa, Xalq artisti Nəcibə Haşım qızı Məlikova (1921 – 6.7.1992) anadan olub. Gəncə teatrında, 1952-ci ildən Akademik Dram Teatrında çalışıb. “Ögey ana”, “Aygün”, “Əhməd haradadır?”, “Arşın mal alan” (1965) filmlərində yaddaqalan obrazlar yaradıb.

25 oktyabr 1925 – Yazıçı, tarixçi, şərqşünas Əbdül Ənbiyə oğlu Hüseynov (1925 – 14.5.2017) Bakının Əmircan kəndində doğulub. Türkmənistan mədəniyyət nazirinin müavini olub. 1960-cı ildən Moskvada yaşayıb. “İslam dünyasının cəngavəri”, “Üsyankar Xaqani” və s. tarixi romanların müəllifidir.

25 oktyabr 1930 – Xalq rəssamı, qrafik Elmira Həbibulla qızı Şahtaxtinskaya (1930 – 13.10.1996) Bakıda anadan olub. “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakatlar silsiləsi, “Novruz bayramı” tablosu və s. əsərlərin müəllifidir.

25 oktyabr 1935 – Qəzəlxan şair Hacı Mail (Mail İsmayıl oğlu Əliyev; 1935 – 22.8.1999) anadan olub.

25 oktyabr 1954 – Görkəmli aktyor, SSRİ Xalq artisti Mirzəağa Əli oğlu Əliyev (1883-1954) vəfat edib. 1919-cu ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub. “Hacı Qara”, “Almaz”, “Bakının işıqları” və s. filmlərdə çəkilib.

25 oktyabr 1965 – Əməkdar incəsənət xadimi, tanınmış rəssam Vəcihə Əli qızı Səmədova (1924–1965) vəfat edib. Əsərləri: “Toy günü”, “Nişan aparanlar”, “Kür qırağında” və s.

25 oktyabr 2008 – Dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayev (17.8.1942 – 2008) vəfat edib. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Beynəlxalq müsabiqələrin qalibi olub. Bakıda, Fəxri xiyabanda dəfn olunub.

 

26 oktyabr 1925 – Tanınmış rəssam Əşrəf Murad oğlu Murad (1925 – 11.3.1979) Bakıda anadan olub. Avanqard və nonkomformist cərəyanların nümayəndəsi kimi tanınıb, daha çox portret və natürmort janrlarında əsərlər çəkib.

26 oktyabr 1983 – Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (9.5.1928 – 1983) vəfat edib. Milli violonçel ifaçılığı sənətinin əsasını qoyub, Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

26 oktyabr 2000 – Əməkdar mədəniyyət işçisi, aşıq Kamandar Həmid oğlu Əfəndiyev (21.10.1932 – 2000) vəfat edib.

26 oktyabr 2013 – Əməkdar artist Tofiq Əşrəf oğlu Qаrаyev (2.7.1953 – 2013) vəfat edib. Ağdam Dövlət Dram Teatrının aktyoru olub.

 

26 oktyabr 2014 – Yazıçı, Əməkdar mədəniyyət işçisi Cəmil Adil oğlu Əlibəyov (5.12.1927 – 2014) vəfat edib. “Azərbaycanfilm”in direktoru olub. Rus dilindən ədəbi tərcümələr edib.

26 oktyabr 2017 – Xalq artisti Rafiq Eyyub oğlu Hüseynov (4.8.1946 – 2017) vəfat edib. 30 ilə yaxın Azərbaycan Televiziyasının aparıcı diktorlarından olub.

 

27 oktyabr 1900 – Azərbaycanın və SSRİ-nin Xalq artisti, rejissor, aktyor Mixail İvanoviç Jarov (1900-1981) Moskvada doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrında (1933-1937) çalışıb.

27 oktyabr 1931 – Xalq artisti, opera müğənnisi (bariton) Mürsəl Tağı oğlu Bədirov (1931 – 26.2.2003) Dərbənd şəhərində doğulub. 1956-cı ildən Akademik Opera və Balet Teatrının solisti olub.

27 oktyabr 1931 – Əməkdar elm xadimi, filosof alim, professor Cəmil Teymur oğlu Əhmədli (1931-2010) Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub.

27 oktyabr 1932 – Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynalabdin oğlu Zeynallı (5.4.1909 – 1932) vəfat edib. Tamaşalara musiqi bəstələyib, Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.

27 oktyabr 1936 – Xalq artisti, tanınmış diktor Sabir Məmməd oğlu Ələsgərov (1936 – 20.11.2020) Tiflisdə doğulub. Azərbaycan Radiosu və  Televiziyasının baş diktoru olub.

 

28 oktyabr 1911 – Xalq yazıçısı, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (1911 – 17.12.1993) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. Əsərləri: “Gələcək gün”, “Böyük dayaq” (romanlar), “Həyat”, “Kəndçi qızı” (pyeslər) və s. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) olub, Yazıçılar Birliyinə rəhbərlik edib.

28 oktyabr 1927 – Tanınmış tarzən Şirin Məşədi Hüseyn oğlu Axundov (1878 –1927) vəfat edib. Bir çox ustad xanəndələri müşayiət edib.

 

Dünya

 

25 oktyabr 1838 – Fransız bəstəkarı Jorj Bize (Alexandre-Cesar-Leopold Bizet; 1838 - 3.6.1875) anadan olub. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.

25 oktyabr 1864 – Qırğız milli ədəbiyyatının banilərindən biri, şair, aşıq Toktoqul Satılqanov (1864-1933) anadan olub.

25 oktyabr 1881 – İspan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 1881 - 8.4.1973) anadan olub.

25 oktyabr 1894 – XX əsr türk xalq poeziyasının ustadı Aşıq Veysəl (Veysəl Satıroğlu; 1894 - 21.03.1973) Sivasda doğulub.

 

26 oktyabr 1819 – Yəhudi əsilli Danimarka yazıçısı, dramaturq Myer Qoldşmidt (Meir Aron Goldschmidt; 1819–1887) anadan olub.

26 oktyabr 1842 – Məşhur rus batalist rəssamı Vasili Vasilyeviç Vereşşagin (1842–1904) anadan olub. Əsərləri: “Müharibənin təntənəsi”, “Teymurləngin qapıları” və s.

 

27 oktyabr 1449 – Böyük türk (özbək) mütəfəkkiri, astronom və riyaziyyatçı, dövlət xadimi Məhəmməd Tarağay Uluqbəy (22.3.1394 – 1449) vəfat edib.

27 oktyabr 1782 – İtalyan bəstəkarı, məşhur skripkaçı Nikkolo Paqanini (Niccolo Paganini; 1782 – 27.5.1840) anadan olub.

 

28 oktyabr Beynəlxalq Animasiya Günüdür (İnternational Animation Day). 1892-ci ilin 28 oktyabrında fransalı ixtiraçı rəssam Emil Reno ekranda ilk animasiya lentini nümayiş etdirib.

28 oktyabr 1936 – Məşhur ukraynalı teatr rejissoru, Ukraynanın və Rusiyanın Xalq artisti Roman Qriqoryeviç Vityuk (1936 – 17.11.2020) anadan olub.

28 oktyabr 1957 – Türkiyə müğənnisi, bəstəkar Əhməd Qaya (1957 – 16.11.2000) Malatyada anadan olub.

Hazırladı:  Vüqar ORXAN