44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edib. Azərbaycan xalqı qazandığı tarixi zəfərlə qalib xalq olduğunu bütün dünyaya sübut edib.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamına və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “8 Noyabr – Zəfər Günü” adlı metodik vəsait hazırlanıb.

Metodik vəsaitdə Qarabağ münaqişəsi haqqında qısa məlumat, kitabxanalarda 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbirlərin keçirilməsi ilə bağlı metodik tövsiyələr verilib.

Vəsaitdə həmçinin 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti, işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı və digər məlumatlar yer alıb.