Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Yüksək Səviyyəli Şəxslər Komitəsinin 2021-ci il 28-29 iyun tarixlərində keçirilmiş iclasında Azərbaycan iki il müddətinə QDİƏT-in Mədəniyyət üzrə İşçi qrupunda əlaqələndirici ölkə təyin olunmuşdu.

Oktyabrın 21-də Azərbaycanın sədrliyi ilə QDİƏT-in Mədəniyyət üzrə İşçi qrupunun ilk iclası keçirilib. İclasa Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə sədrlik edib.

Videokonfrans formatında keçirilən iclasa QDİƏT Katibliyi, təşkilatın 10 üzv ölkəsi, PABSEC, Qara Dəniz Tədqiqatları üzrə Beynəlxalq Mərkəz, müşahidəçilər qismində Misir Ərəb Respublikası, Macarıstan və İsrail, eyni zamanda digər təşkilat və ölkələrin nümayəndələri qatılıblar.

İclasda QDİƏT Şurasının qərar və tövsiyələrinin həyata keçirilməsi, COVİD-19 pandemiyasının cərəyan etdiyi müddətdə mədəniyyətin dəstəklənməsi istiqamətində mümkün regional əməkdaşlıq və layihələrlə bağlı təcrübə mübadiləsi, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına QDİƏT üzv ölkələrinin birgə nominasiyalarının təqdim olunmasının təşviqi, yaradıcılıq, rəqəmsallaşma və yaradıcı sənayelərdə sahibkarlıq, “QDİƏT Mədəniyyət həftəsi”, sərgi və festivallarda qarşılıqlı iştirak və digər məsələlər müzakirə edilib. QDİƏT-in uşaqlar üçün çoxdilli və multikultural kitabxanasının, gənclərin simfonik orkestrinin yaradılması və digər layihələrin təqdimatı olub.

Onlayn görüş zamanı, həmçinin 2021-2023-cü illər üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış İşçi Qrupun Fəaliyyət Planının təqdimatı keçirilib.