Azərbaycan

 

29 oktyabr 1941 – Xalq artisti Ağaxan Əli oğlu Salmanlı (1941   29.2.2020) Bakıda doğulub. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. Televiziya tamaşalarında çəkilib. Uşaqlar üçün pyeslərin müəllifidir, bir neçə tamaşaya quruluş verib.

29 oktyabr 1949 – Tanınmış aktyor Şahin Cəbrayılov (1949 – 5.9.2007) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərdə (“Yol əhvalatı”, “Qızıl uçurum”) çəkilib.

29 oktyabr 1993 – Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu gün idi. 27 il işğal altında qalan Zəngilan 44 günlük Vətən müharibəsində, 2020-ci il oktyabrın 20-də azad edildi.

29 oktyabr 2004 – Tanınmış rəssam, animator, kitab illüstratoru Nazim Məmmədov (1934–2004) vəfat edib.

 

30 oktyabr 1880 – Məşhur tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (1880 – 29.8.1965) Şuşa qəzasının Abdal-Gülablı (indiki Ağdam rayonu) kəndində doğulub. Xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.

30 oktyabr 1907 – Jurnalist, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Adil Ələddin oğlu Əfəndiyev (1907-1973) Bakıda doğulub. Respublika Jurnalistlər Birliyinin ilk sədri olub. Rusca-azərbaycanca üçcildlik lüğətin tərtibçisidir, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.

30 oktyabr 1928 – Tanınmış sənətşünas alim, akademik Rasim Səməd oğlu Əfəndiyev (1928 – 13.2.2010) Qazaxda doğulub. “Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, “Azərbaycan daş plastikası” kitabları xarici dillərə tərcümə olunub. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib.

30 oktyabr 1992 – Əməkdar incəsənət xadimi, şair Tofiq Mütəllim oğlu Mütəllibov (13.4.1929 – 1992) vəfat edib. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.

30 oktyabr 2005 – Xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Bağırzadə (21.7.1950 – 2005) vəfat edib. Xalq və bəstəkar mahnılarının mahir ifaçısı, populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü”) müəllifi olub.

 

31 oktyabr 1910 – Əməkdar artist Ağa Əsgər oğlu Məmmədov (1910-1973) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Tiflis Azərbaycan Dram, Gəncə Dövlət Dram teatrlarının aktyoru olub.

31 oktyabr 2012 – Bakıda görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün abidəsinin (heykəltəraş – Akif Əsgərov) açılışı keçirilib. Mərasimdə Prezident İlham Əliyev iştirak edib.

 

1 noyabr 1923 –  Qəzəlxan şair Əliağa Bakir (Əliağa Hacağa oğlu Rzayev; 1923-1998) Bakıda anadan olub.

1 noyabr 1939 – Azərbaycan SSR Xalq Komissarları Soveti Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıqla bağlı dahi şairin həyat və yaradıcılığından bəhs edən muzeyin (indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi) yaradılması barədə qərar qəbul edib.

1 noyabr 1945 – Kinorejissor, ssenarist Nicat Feyzullayev (1945 – 4.5.2015) Bakıda tanınmış rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub. “Küçələrə su səpmişəm” bədii və çoxsaylı sənədli filmlər çəkib.

1 noyabr 1965 – Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Möhsün ağa Seyid İbrahim oğlu; 12.4.1889 – 1965) vəfat edib. 1930-60-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.

1 noyabr 2005 – Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (15.2.1933 – 2005) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb. Filmlərdə, televiziya tamaşalarında çəkilib.

 

2 noyabr 1934 – Şair, Əməkdar müəllim Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı; 1934 – 18.8.2019) Salyan rayonunun Qalalı kəndində doğulub. N.Tusi adına ADPİ-də işləyib. Dünya xalqları ədəbiyyatından tərcümələr edib.

2 noyabr 1937 – Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 – 18.11.2000) anadan olub. “Hicran”, “Bankir adaxlı” və s. musiqili komediyaların, populyar mahnıların müəllifidir. Tamaşalara, filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “İstintaq” və s.) musiqi bəstələyib.

2 noyabr 1947 – Əməkdar artist Telman Rüstəm oğlu Əliyev (1947 – 4.7.2017) Şuşa şəhərində anadan olub. Gəncə, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərdə çəkilib.

2 noyabr 1964 – Əməkdar artist Murad Məmmədrza oğlu Muradov (1884-1964) vəfat edib. Ağdam rayonunun Muradbəyli kəndində doğulub, Akademik Dram Teatrının aktyoru olub.

2 noyabr 1997 – Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov (1909-1997) vəfat edib.

2 noyabr 1988 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökumə Abbasəli qızı Qurbanova (11.6.1913 – 1988) vəfat edib. 1938-ci ildən Akademik Dram Teatrında çalışıb. Filmlərdə çəkilib.

 

Dünya

 

 29 oktyabr 1863 – Beynəlxalq Qırmızı Xaç Komitəsinin (İnternational Committee of the Red Cross - İCRC) yarandığı gündür. İsveçrəli xeyriyyəçi və ictimai xadim Anri Dünan (Jean Henri Dunant; 1828-1910) tərəfindən təsis edilən humanitar təşkilat silahlı münaqişələrdən zərər çəkənlərə yardım göstərir.

 

30 oktyabr 1751 – İngilis-irland yazıçısı Riçard Brinsli Şeridan (Richard Brinsley Sheridan; 1751-1816) anadan olub.

30 oktyabr 1839 - İngilis əsilli Fransa rəssamı, impressionizmin tanınmış nümayəndəsi Alfred Sisley (1839-1899) anadan olub.

30 oktyabr 1871 – Fransız şairi, yazıçı, filosof Pol Valeri (Paul Valery - Ambroise Paul Toussaint Jules Valery; 1871-1945) anadan olub.

 

31 oktyabr 1922 – SSRİ-nin Xalq artisti Anatoli Papanov (1922 - 5.8.1987) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul” və s.

31 oktyabr 1993 – Dünya şöhrətli italyan kinorejissoru Federiko Fellini (Federico Fellini;  20.1.1920 – 1993) vəfat edib. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım” və s.

 

1 noyabr 1636 – Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux; 1636 – 13.3.1711) anadan olub.

1 noyabr 1781 – Alman rəssamı Yozef Karl Ştiler (Joseph Karl Stieler; 1781-1854) anadan olub.

 

2 noyabr 1699 - Fransız rəssamı Jan Batist Simeon Şarden (Jean Baptiste Simeon Chardin; 1699-1779) anadan olub.

2 noyabr 1906 – İtalyan kino və teatr rejissoru Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 – 17.3.1976) anadan olub. Filmləri: “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti” və s.

2 noyabr 1950 – İrland əsilli Britaniya yazıçısı, dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw; 26.7.1856 – 1950) vəfat edib.

Hazırladı:  Vüqar ORXAN