Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi öz parlaq ideyaları ilə bu gün dünyanın yüzdən çox ölkəsində tanınır, qəbul olunur. Səkkiz əsrlik zaman kəsiyi Nizami əsərlərinin təravətini soldura bilməyib. Onun müasir günümüzlə səsləşən əsərləri aktuallığını həmişə qoruyub saxlayacaq.

Nizami Gəncəvi əsərləri farsca qələmə alınsa da, bu nümunələrin mayası Azərbaycan xalqının ruhu ilə yoğurulub. Bu əsərlərdə doğma yurdumuzun keçmişi, zəngin təbiəti, əcdadlarımızın yaşam tərzi, mədəni irsi ilə bağlı çoxsaylı bilgilər verilir. Aforizmlər, xalq yaddaşından süzülüb gələn deyim-duyumlar şairin əsərlərinin əsasını təşkil edir.

Görkəmli ədəbiyyatşünas, nizamişünas alim, akademik Həmid Araslı bu barədə yazır: “Nizamidə yalnız Azərbaycan xalqına məxsus ifadə xüsusiyyətləri vardır ki, sonrakı şərhçilər üçün aydın olmamışdır. Bu xüsusiyyətləri anlamaq üçün Azərbaycan xalq dilinin incəliklərini bilmək lazımdır. Nizaminin yaradıcılığında olan sözlərin əsas hissəsinə biz “Dədə Qorqud” dastanında rast gəlirik. Nizami yaradıcılığında bu hala tez-tez rast gəlinməsi onun dastanı sevərək dinləməsinə sübutdur”.

Nizami poemalarının başlıca mövzusunu keçmişin mühüm hadisələri, habelə Şərq mühitinin əfsanə və rəvayətləri təşkil edir. Lakin bu hadisələr və əfsanələrlə əlaqədar olaraq təsvir edilən həyat, adət və ənənə, toy, yas mərasimləri Azərbaycan xalqının həyatından götürülərək bədii surətdə ifadə edilib. Şairin əsərlərində təsvir edilən bir çox məsələlər bu gün də xalqımızın həyat və məişətində yaşadıldığını görə bilərik. Buna misal olaraq toy mərasimlərini qeyd etmək olar. “İsgəndərnamə” poemasından bir nümunəyə diqqət yetirək:

Barbədin nəğməsi, Nəkisanın səsi,
Zöhrənin alnını torpağa sürtürdü.
Gah rudun nəğməsi saqiyə deyirdi:
Bir cam ver, yaşasın bu eyş!
Gah mey camdan Barbədə deyirdi:
Çal ki, bu ili xoş başa vurasan!

Nizami Gəncəvinin poemalarında toy məclislərinin Xosrovun Məryəm və Şirinlə, İbn Səlamın Leyli və İsgəndərin Rövşənəklə evlənməsi münasibətilə keçirildiyi qeyd edilir. Toy səhnələrinə, xüsusilə “Xosrov və Şirin” poemasında daha geniş yer verilib. Toy gününün başlanğıcı münəccimlər tərəfindən müəyyən edilir. Mərasimin bütün mərhələləri (qız seçmə, qız bəyənmə, elçilik, nişan – üzük taxma, kəbinin kəsilmə qaydası, xına yaxma, qız evinə toy hədiyyələrinin göndərilməsi, gəlin bəy evinə yollananda onun başına xəzinə tökülməsi) bu əsərdə maraqlı boyalarla təsvir edilir. Toy günü çalğıçıların müşayiəti ilə müğənnilərin mahnı oxumalarına, rəqs musiqisinə geniş yer verildiyini görə bilirik. “Xosrov və Şirin” poemasındakı bu adət-ənənənin bənzərinə Ü.Hacıbəylinin “Arşın mal alan” operettasında Əsgərin xalasının simasında rast gəlirik. “Leyli və Məcnun” poemasında Məcnunun atası ümidsiz bir halda Leyligildən qayıtdıqdan sonra oğlunu qüssədən qurtarmaq üçün ona etdiyi nəsihətdə belə deyir:

Qarşında yüz tanış ola-ola sən
Nədən yad qızına könül verirsən.
Gəl bu gözəllərə, cananlara bax,
Səninçün nazəndə bir qız alaq...

Bu kiçik parçada Azərbaycan xalq məişətindən alınmış ata-ananın qız bəyənməkdəki rolu açıq gözə çarpır.

Nizami yaradıcılığında ayin və dəfn mərasimləri ilə bağlı məqamlar da diqqətçəkəndir. “Xosrov və Şirin” poemasında Şirin Fərhadı böyük hörmətlə dəfn etdirir, türbəsi üzərində günbəz ucaldır, onu ziyarətgaha çevirir. Cahan Pəhləvanın vəfatı vaxtı nəfir, təbil və kusun sədaları hər tərəfə yayılırdı. Vida mərasimi təbilin səslənməsi ilə başlanırdı. Dəfn günündən sonra yas mərasimində rudun və sazın müşayiəti ilə ağılar deyilir. Leyli Məcnunun atasının ölümünə yas saxlayır, matəm paltarı geyinir, Xosrov Bəhram Çubinin ölümü ilə əlaqədar üç gün yas saxlayır, onun özünü isə məqbərədə qızıla, zərə tutulan tabutda dəfn edirlər. Müəllifin yaradıcılığında yas mərasimləri Fərhad, Xosrov, Leyli, İsgəndər, Məhinbanu, Bəhram və Daranın ölümü ilə əlaqədar səhnələrdə təsvir edilib.

Ədəbiyyatşünas alim Məmməd Ələkbərovun 1947-ci ildə nəşr olunmuş  “Nizami yaradıcılığında xalq mərasimləri” məqaləsində qeyd olunur ki, şair öz dövründə xalq arasında yaşayan adətləri böyük ustalıqla və özünəməxsus məharətlə qələmə alıb. Qeyd edək ki, sonralar M.Ələkbərovun “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” monoqrafiyası çap olunub.

Professor Səadət Abdullayevanın “Nizamidə musiqi, musiqidə Nizami” kitabında qeyd edilir ki, şairin dövründə toy və bayram günlərində keçirilən xalq oyun-tamaşalarında çoxlu sayda mütrüb, rəqqas, oyunbaz və hoqqabazlar iştirak edirdi. O vaxt löbət (gəlincik, oyuncaq) tamaşası daha çox yayılmışdı. Bu tamaşa müəyyən vaxtlarda keçirilirdi. On rəngdə paltar geyinən oyunbaz pərdənin arxasında çoxlu sayda löbəti düzərdi. Hamı səbirsizliklə pərdə arxasından kimin çıxacağını gözləyirdi. Adətən, oyunbazlar pərdə arxasında müxtəlif yaşlı gəlinciklərlə qəribə oyunlar çıxarır, cürbəcür hərəkətlərlə tamaşaçıları əyləndirirdilər. Sonralar löbət tamaşası Azərbaycanda “Kilimarası” adı ilə yayılıb. Nizami dövründə “Xəyal oyunu” adlı tamaşa da göstərilib:

Bu qədim pərdənin hiylələrindən
Xəyala döndüm, necə xəyalla oynamayım?!

Pərdə arxasında müxtəlif təsvirləri işıqlandırılaraq, onların kölgələrini hərəkətə gətirirdilər. Tamaşanı başqa iştirakçılarla yanaşı, müğənni və iki çalğıçı müşayiət edirdi. Əl cəldliyi ilə cürbəcür oyunlar göstərən hoqqabazların – gəzərgi fokusçuların “Hoqqa” oyunu haqqında da şairin əsərlərində söz açılır. Toy və el şənliklərində “Məsxərə” komik oyunu göstərən məsxərəbaz, “Şəbəd” tamaşası isə istehza, təqlid üzərində qurulurdu. “Üzük-üzük” oyunu, adətən, Novruz bayramında icra edilirdi. Şair Novruzu “İsgəndərnamə”, “Leyli və Məcnun” və “Xosrov və Şirin” poemalarında təsvir edib. Dahi mütəfəkkir Novruz bayramını əfsanəvi İran şahı Cəmşidin taxta əyləşməsi günü ilə əlaqələndirir. Deyilənə görə, həmin gün martın 22-nə, yəni gündüzlə gecənin bərabərləşdiyi vaxta düşüb. Bu zaman o, xalqın toplantısında onların şikayətlərinə baxaraq ehtiyaclarını təmin edib və hamını ədalətə çağırıb. Bununla da xalqın güzəranı yaxşılaşıb.

Nizami Novruz bayramına üstünlük verən Zərdüştilərin bu mərasimlə bağlı görüşlərindən söz açır. İnsanlar bayrama böyük həvəslə hazırlaşırdılar. Əlləri xınalı, üzlərinə bəzək verən gəlinlər, qızlar gül dəstələri ilə evlərindən çıxaraq meydana yığışırdılar. Muğ adəti üzrə muğların, yəni atəşpərəstlərin kahininin sağlığına al şərab qaldırar, əfsanə söyləyər, rəqs edib əl çalardılar. Sonra hər biri öz məclisini keçirərdi.

“İsgəndərnamə” poemasında göstərilir ki, İsgəndər İrana və Azərbaycana qədəm qoyduğu zaman, orada Novruz bayramı keçirilirdi. Belə ki, onu qarşılayan Nüşabə tonqal qalatdırır, süfrəyə müxtəlif növlü meyvə, şirniyyat düzdürür. Şair Novruzu ən böyük bayram günü sayır.

Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında öz dövründə geniş yayılan atüstü oyun – çövkən barədə də söz açıb. Müəllif Bəhram şahın çövkən oyununda mahir olmasını göstərir, hətta qadınların da bu oyunda iştirakını qeyd edir.

Şairin əsərlərində adını çəkdiyi oyun-tamaşaların bir çoxu indi də xalqımız tərəfindən yaşadılır. Belə ki, dövrümüzdə zurnaçılar ansamblının müşayiəti ilə ənənəvi çövkən yarışları keçirilir. Xatırladaq ki, 2013-cü ildə “Qarabağ atüstü oyun ənənəsi – çövkən” nominasiya faylı UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Nizami yaradıcılığında xalq oyunları və mərasimlərindən gətirdiyimiz bir neçə nümunə böyük şairin xalq yaddaşına nə qədər bağlı olduğunu deməyə əsas verir.

Lalə AZƏRİ