Xalq yazıçısı Elçinin pyesləri bir sıra xarici ölkələrin teatrlarında da uğurla tamaşaya qoyulub.

Yazıçının pyesləri əsasında Nyu-York, London, Roma, İstanbul, Ankara, Moskva, Sankt-Peterburq, Seul və başqa şəhərlərin teatrlarında hazırlanmış səhnə əsərləri maraqla qarşılanaraq müasir Avropa dramaturgiyasının uğurları kimi qiymətləndirilib. Əlamətdar hadisədir ki, Seul Opera və Balet Teatrının sifarişi ilə Elçinin “Cəhənnəm sakinləri” pyesi əsasında ingilis bəstəkarı Lorens Mark Viti müzikl yazıb. Müzikl teatrın səhnəsində tamaşaya qoyulub və böyük müvəffəqiyyət qazanıb.

Bu günlərdə Romada “Sandro Tetı Editore” nəşriyyatında Elçinin “Teleskop”, “Mənim sevimli dəlim” və “Şekspir” tragikomediyalarından ibarət kitabı çap olunub. Pyesləri italyan dilinə Monika Puqlia tərcümə edib. Milan Dövlət Universitetinin professoru Stefano Bruno Galli kitaba yazdığı ön sözdə Elçinin əsərlərinin ümumbəşəri mövzuda olduğunu, eyni zamanda müəllifin müasirliyi ilə onu xüsusilə heyrətləndirdiyini vurğulayır.

Kitabda ədəbiyyatşünas Jan Pertin Elçinin həyat və yaradıcılığı haqqında yazdığı ətraflı məlumat da yer alıb.

Qeyd edək ki, bir müddət bundan əvvəl yazıçının “Baş” romanı Romada italyan dilində nəşr olunub və maraqla qarşılanıb.