Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən verilən məlumata görə, buraxılış 1 markadan ibarət blok şəklində hazırlanıb. Blokun eskizi mövzuya uyğun olaraq tərtib edilib. Markanın üzərində Nizami Gəncəvinin portreti, blokun kənarlarında isə “Xəmsə”yə daxil olan poetik incilər miniatür şəklində təsvir olunub.

Müəllifi rəssam Orxan Qarayev olan poçt markası 5 min tirajla nəşr edilib. Poçt markası ilə yanaşı, 200 ədəd “birinci gün” zərfi də hazırlanaraq çap olunub.

Qeyd edək ki, ölkə başçısının 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması barədə sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planında bu mövzuda poçt markasının hazırlanması da əksini tapıb.