İsveçrənin Sürix Beynəlxalq Aeroportu Avropa regionu üzrə növbəti dəfə “Dünya Səyahət Mükafatı”na layiq görülüb.

85 ölkə üzrə 340 aeroport haqqında müxtəlif kateqoriyalar üzrə sorğunu hotelçilik və səyahət ekspertləri cavablandırıblar. Müştəri məmnunluğu, məhsul və xidmətlərin keyfiyyəti kateqoriyalarında bütün Avropa aeroportlarını üstələyən Sürix aeroportu növbəti dəfə birinciliyi qoruya bilib.

Hava daşınması üzrə qiymətləndirmədə “British Airways” şirkəti “Avropanın aparıcı aviaşirkəti – First Class”, “Air France” şirkəti  “Avropanın aparıcı aviaşirkəti – Business Class” və “Lufthansa” isə “Avropanın aparıcı şirkəti – Economy Class” nominasiyaları üzrə qalib olublar.

Jüri həmçinin ən yaxşı turizm istiqamətləri, hotel və restoranlar üzrə də Avropa qaliblərini müəyyən edib. İstanbuldakı “Çırağan Palace Kempinski” 2021-ci il üzrə Avropanın ən yaxşı hoteli adına layiq görülüb.

Qeyd edək ki, hotelçilik və səyahət sahəsində ekspertlərdən ibarət beynəlxalq jüri 27 ildən bəri səyahət və turizm sektoru istiqamətində müxtəlif kateqoriya və seqmentlər üzrə qiymətləndirmə aparır və “Dünya Səyahət Mükafatı” həmin qiymətləndirmə əsasında verilir.