Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

Xidmət etmək sayılır kişilikdən nişana,
Xalqına xidmət etmək bir şərəfdir insana.

(“Sirlər xəzinəsi”)

 

İgidlikdən deyən qoçaq adamlar
Şir yıxıb sonradan şir adı alar.

(“Xosrov və Şirin”)

 

Dostluq, mehribanlıq göstərsən, ey yar,
Gəlib qulun olar azad adamlar.

(“Leyli və Məcnun”)

 

Zirək adam inan, mələkdir, mələk,
Zirəklik gözəldir, əcəbdir gerçək.

(“Yeddi gözəl”)

 

Döyüşdə, şənlikdə, harada olsan,
Heç zaman ayrılma yaxşı dostlardan.

(“İsgəndərnamə” – “İqbalnamə”)

 

Sən ki zövq alırsan yemək, yatmaqdan,
Nə deyim sənə, ey qulaqsız insan!

(“İsgəndərnamə” – “Şərəfnamə”)