Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi davam edir. Layihə çərçivəsində İspaniyanın “alquiblaweb.com” və “trabalibros.com” ədəbiyyat portalları dahi Azərbaycan şairi Nizami Gəncəvinin ispan dilinə tərcümə edilmiş “Yeddi gözəl” poemasından “Nağılın başlanğıcı və Bəhramın doğulması”, “Mərhəmətli Allahın adı ilə”, “Allahın elçisi Məhəmmədə mədhlər”, “Peyğəmbərin meracı” adlı hissələrə, şairin həyat və yaradıcılığı haqqında məlumata yer ayırıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, “Yeddi gözəl” poemasından parçaların ispan dilinə bədii tərcümə müəllifi  Karmen Linaresdir.

Qeyd edək ki, “alquiblaweb.com” portalında “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində ayrıca bölüm yaradılıb.  “Azərbaycan yazıçı və şairləri” bölümündə klassik və müasir ədəbiyyatımızdan nümunələr müntəzəm şəkildə oxuculara təqdim ediləcək.