Şanlı Zəfərimizə həsr olunan hekayələrdən ibarət toplunun təqdimatı

 

Noyabrın 3-də “LİBRAFF” kitab mağazaları şəbəkəsinin “Park akademiya” filialında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının layihəsi əsasında “Ölümü fəth edənlər” adlı hekayələr toplusunun təqdimatı keçirildi.

25 hekayənin yer aldığı toplu “Təhsil” nəşriyyatında işıq üzü görüb. Təqdimatda Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin baş məsləhətçisi İslam Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, şəhid ailələri, qazilər, uşaq yazarları və digər qonaqlar iştirak edirdi.

Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova nəşr haqqında məlumat verdi. Bildirdi ki,  kitabxana tərəfindən bu ilin 15 iyulunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Rəşadətlə yaşayanlar – ölümü fəth edənlər” adlı respublika hekayə müsabiqəsi elan edilmişdi. Müsabiqənin məqsədi uşaq və yeniyetmələr arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycan əsgərinin rəşadəti və şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün yeni mətnlərin qələmə alınması, yaradıcı potensialı olan yeniyetmələrə stimul verməkdir.

Nəşrin ideya müəllifi, kitabxananın elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova qeyd etdi ki, Vətən sevgisi ilə qaynayıb coşan yeniyetmə və gənclərimiz igid oğullarımızın hər qarış yurd yeri üçün canlarından keçərək ölümün gözünə dik baxmalarını ifadə ediblər.

Kitabın redaktoru, uşaq yazarı Sevinc Nuruqızı vurğuladı ki, Vətən müharibəsində qazanılan Zəfər haqqında bundan sonra hələ çox əsərlər yazılacaq: “Kitabı redaktə edən zaman bir daha anladım ki, bizim ən böyük sevgimiz Qarabağdır”.

Tanınmış uşaq yazıçısı, filologiya elmləri doktoru, professor Zahid Xəlil hekayə müəlliflərini təbrik edərək onlara yeni uğurlar arzuladı.

Sonda Respublika Uşaq Kitabxanası tərəfindən hekayə müəlliflərinə diplom və kitablar təqdim edildi.

Təqdimata Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Emil Abdullayevin ifasında “Qarabağ Azərbaycandır!” adlı musiqi nömrəsi ilə yekun vuruldu.

NURƏDDİN