Tanınmış meksikalı rəssam Frida Kalonun (1907 – 1954) “Dieqo və mən” adlı avtoportreti “Sotheby’s” hərrac evində 34,8 milyon dollara satılıb. Bu, Latın Amerikası rəssamlarının əsərləri üçün rekord məbləğ sayılır.

Frida Kalo 1949-cu ildə çəkdiyi, ölçüsü 30x22,4 sm olan əsərdə öz alnında əri – rəssam Dieqo Riveranı (1886–1957), onun alnında isə üçüncü göz təsvir edib.

Avtoportretlər rəssamın yaradıcılığının mühüm hissəsini təşkil edib. Onu bu janra meyilləndirən isə atası olub. Kalonun atası fotoqraf idi və o tez-tez qızının fotoşəkillərini çəkir, ona kamera qarşısında durmağı öyrədirdi. Frida Kalo “Dieqo və mən” əsərində 20 il birgə yaşadığı həyat yoldaşına sevgisini əks etdirib.

Əsər əvvəlcə rəssamın dostları – Rusiya əsilli amerikalı fotoqraf Florens Arkin və onun əri Sem Vilyams tərəfindən alınıb. Şəklin arxa tərəfində “Fridadan Florens və Semə sevgi ilə” imzası qeyd olunub. Son auksionadək avtoportret şəxsi kolleksiyada idi. Avtoportret Madrid, Frankfurt, Dallas və Mexikoda Kalonun əsərlərinin sərgilərində nümayiş olunub.

CAVİD