Azərbaycan təşkilatda mühüm qərarlarla bağlı müzakirələrdə bilavasitə iştirak edəcək


Xəbər verdiyimiz kimi, 9–24 noyabr tarixində Parisdə UNESCO Baş Konfransının 41-ci sessiyası keçirilir. Baş Konfrans UNESCO-nun ali orqanıdır. UNESCO üzvü olan hər dövlət böyük-kiçikliyindən, beynəlxalq miqyasda imkanlarından asılı olmayaraq, bərabər şəkildə səs hüququna malikdir. İki ildən bir toplanan Baş Konfrans təşkilatın ümumi istiqamət və fəaliyyət xəttini müəyyənləşdirir, proqram və büdcəsini qəbul edir. Həmçinin UNESCO İcraiyyə Şurasının üzvlərini seçir və dörd ildən bir təşkilatın Baş direktorunu təyin edir.

Noyabrın 17-də sessiya çərçivəsində qurumun İcraiyyə Şurasına seçkilər keçirilib. Azərbaycan II seçki qrupundan (Şərqi Avropa ölkələri) növbəti dörd il müddətinə UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib.

İcraiyyə Şurası UNESCO-nun icra orqanıdır. Şura qurumun ali orqanı olan Baş Konfransın işini təşkil edir və onun qərarlarının icrasına nəzarəti həyata keçirir. Şuranın 58 üzvü var və onlar Baş Konfrans tərəfindən təmsil etdikləri mədəniyyətlərin müxtəlifliyi və mənsub olduqları coğrafi məkan əsasında seçilir.

Xatırladaq ki, Azərbaycan 2005-2009-cu illərdə UNESCO İcraiyyə Şurasının üzvü olub. Şurada təmsilçilik təşkilatda mühüm qərarlarla bağlı müzakirələrdə bilavasitə iştirak etmək imkanı verir.

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının UNESCO İcraiyyə Şurasına üzv seçilməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində təşkilatın İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış üç vakant yerdən birinə Azərbaycan Respublikasının namizədliyi irəli sürülmüşdü. Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səs toplayaraq Şuraya üzv seçilib.

“Ölkəmizin namizədliyinin çoxlu sayda dövlət tərəfindən dəstəklənməsi Azərbaycan Respublikasının elm, təhsil və mədəniyyət sahələrinə ayırdığı yüksək diqqətin və mədəni irsin mühafizəsinə nümayiş etdirdiyi diqqətin qlobal miqyasda qiymətləndirilməsinin göstəricisidir.

UNESCO İcraiyyə Şurasına üzvlüyü dövründə Azərbaycan Respublikası xüsusilə inkişaf etməkdə olan ölkələrdə UNESCO-nun mandatının effektiv şəkildə həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcək.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək Azərbaycan Respublikasının namizədliyinə öz dəyərli dəstəyini göstərmiş bütün UNESCO üzv dövlətlərinə minnətdarlığını bildirir”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, UNESCO İcraiyyə Şurasına seçkilər Baş Konfransın sessiyalarında, yəni iki ildən bir müvafiq vakant yerlər üzrə keçirilir. Bu dəfə ümumilikdə yeddi seçki qrupu üzrə 27 vakant yerə (2021-ci ildə üzvlük müddəti başa çatan ölkələr) seçkilər keçirilib.

Şərqi Avropa qrupundan Azərbaycanla yanaşı, Litva və Ermənistan Şuraya üzv seçilib.

Qərbi Avropa və Şimali Amerika ölkələri üzrə I seçki qrupundan 3 vakant yerə Türkiyə, İslandiya, Avstriya seçilib.

Bundan savayı, Latın Amerikası və Karib ölkələrini əhatə edən III qrup, Asiya və Sakit okean ölkələri üzrə IV qrup və Afrikanı əhatə edən V (a) qrupun hər birindən 6 üzv, habelə ərəb dövlətləri üzrə V (b) qrupundan 3 vakant yerə üzvlər seçilib.

UNESCO İcraiyyə Şurasına növbəti seçkilər 2023-cü ildə keçiriləcək.

Yeri gəlmişkən, noyabrın 16-da dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsində əməkdaşlıq üzrə ən böyük qurumu olan UNESCO-nun 75 yaşı tamam olub. Təşkilatın Nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanıb, 4 noyabr 1946-cı ildə UNESCO rəsmən fəaliyyətinə başlayıb.

UNESCO-nun sıralarında 193 ölkə və 11 assosiativ üzv var. Təşkilatın müxtəlif sahə və istiqamətlər üzrə altqurumları var. Azərbaycanın hazırda üzv olduğu altqurumlar: Hökumətlərarası Bioetika Komitəsi (2017-2021-ci illər üzrə); Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə (2018-2022); Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyanın Hökumətlərarası Komitəsi (2019-2023); Bədən tərbiyəsi və idman üzrə Hökumətlərarası Komitə (2019-2023); Kommunikasiyanın inkişafı üzrə Beynəlxalq proqramın Hökumətlərarası Şurası (2019-2023).