Türkiyənin Bursa şəhərinin TÜRKSOY tərəfindən 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi münasibətilə şəhərdə mətbuat konfransı keçirilib.

Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş göstərilən diqqətə görə TÜRKSOY-a minnətdarlığını ifadə edib və 2022-ci ildə keçiriləcək tədbirlərdən danışıb.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov çıxışında bildirib ki, Bursa Avropanın mədəniyyət paytaxtlarında da tanıdılacaq.

Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, Türkiyə 2022-ci ildə keçiriləcək 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinə “fəxri qonaq” statusunda qatılacaq. Şöbə müdiri Bursa Böyükşəhər Bələdiyyəsini də sərgiyə dəvət edib. O, bələdiyyə sədri Alinur Aktaşa Qarabağ Zəfərinin simvolu olan “Xarıbülbül” nişanını və “Gəncə – Nizami yurdu” kitabını hədiyyə edib.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı bildirib ki, təşkilat Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə və Yunus Əmrənin ölümünün 700 illiyinə həsr olunmuş konsert proqramları keçirir. Noyabrın 18-də Bursada Türk dünyası sənətçilərinin iştirakı ilə təşkil edilən konsert və sərgi də bu tədbirlərin davamıdır.