Qapı açılır və gözlərinin dərinliyindəki kədəri gizləməyə çalışan üç uşaq (əslində, adlarını bilirdim – Fidan, Ləman, Kənan – anaları Şəbnəm xanım hər birindən xeyli danışmışdı) bizə tərəf qaçır. Qeyri-ixtiyari gözlərimizi silir və gülümsəməyə çalışırıq.

Kənan tələsə-tələsə “Ana, gecikmədik ki? Gedək, tamaşa başlayıb, axı. Sonra yer tapa bilməyəcəm” deyib anasının əlindən tutub salona sarı dartır.

Onun narahatlığına son qoymaq üçün müdaxilə edirəm:

– Yox, hələ 10 dəqiqə var, həm də sənin yerin ən ön sıradadır, heç kim orada otura bilməz. Gəl, tanış olaq.

Həvəssiz də olsa qısaca “Olaq da, mən Kənan, bəs siz” deyə soruşdu. Mən fikrinin davamı üçün ona tərəf əyilib “və...” deyəndə ani duruxub düz gözlərimə zilləndi. Şəstlə “Vətən müharibəsi şəhidi mayor Sənan Zamanovun oğlu Kənan Zamanov!” dedi.

Bayaqkı tələskənliyini, tamaşaya qaçmaq qıvraqlığını saxlayıb danışmağa başladı: “O gün təzə sinif yoldaşlarıma da özümü belə təqdim elədim. Sinfimizdən təkcə mənim atam şəhid olub. Uşaqlar mənə “Sənin atan qəhrəmandır” dedilər. Onlara atamdan çox danışdım. Atam ilə fəxr edirəm, amma  həm də onun üçün çox darıxıram. Onun haqqında ən çox Ləmanla danışıram, amma ağlamıram. Atam hirslənər axı. Ləman “Ata bizi görür” deyir. Mən də çalışıram atamın istədiyi kimi olum. Yaxşı oxuyacam, atam kimi mən də hərbçi olacam, qəhrəman olacam”.

Kənanın dedikləri gənc ananı titrətdi, elə bil onun “qəhəman olacam”ından sonra deyəcəklərindən qorxdu və tez “Uşaqlar, qaçın, tamaşa başlayır” deyib onları salona yola saldı. Və biz yenidən baş-başa qaldıq. O, sel olan göz yaşlarını silə-silə Sənanından danışdı, mən də içimdə düşmənə milyon dəfə lənət oxuya-oxuya onu dinlədim.

Bu bəstəboy, qəhər boğazında düyünlənə-düyünlənə danışan, danışdıqca güclü görünməyə çalışan qadını dinləmək qədər ağır heç nə ola bilməzdi.

– Sənanın böyük iddiaları, ucsuz-bucaqsız arzuları yox idi. Sadəcə, xidməti başa vurub, təqaüdə çıxdıqdan sonra Bakıda xudmani bir evimiz olsun istəyirdi. “Kaş fürsət olsun, sizləri başıma yığıb, öz ocağımızda sakit yaşayaq, uşaqlarımızı oxudaq, onların xoşbəxtliyini görək” deyirdi. Biz, çox tez evləndik, elə bilin ki, birlikdə böyüdük, 13 illik hərbçi ailəsi ömrünü bütün çətinlikləri ilə birgə yaşadıq. O, bir neçə rayonda xidmət etdi, çətin şəraitdə çalışdı, ağır təlimlərdən, sınaqlardan keçdi. Amma heç vaxt bunu nə mənə, nə də balalarımıza hiss etdirmədi. Sakit, nikbin, həyatsevər insan idi. Bir az da tələskən (burada ani dayanır, gözləri uzaqlara zillənir və hansısa xoş xatirənin işığında yanaqları allanır) idi. İstəyirdi hər arzusunu gerçəkləşdirsin, uşaqlarına verdiyi sözləri tutsun. Onu hər fikirli görəndə təsəlli verirdim, gələcək planlarımızdan danışırdım. O da  uşaq kimi sevinirdi. Bilmirəm, bəlkə də ürəyinə dammışdı. Elə hey uzun yaşamayacağını, ömrün aman verməyəcəyini düşünürdü. Tez-tez “şəhid olsam...” sözlərini də işlədirdi. Amma ikimiz də bu fikri qovur və onu uzaq gələcəklə bağlı xəyallarla əvəz edirdik. Amma müharibə yolumuzu yaman kəsdi... İndi yalnız bir amalım var: Sənanın arzularını  cücərtmək, əmanətlərini ona layiq yetişdirmək və ömrümün qalan bütün illərini Sənanla yaşayırmış kimi xəyal edib özümü də, onun ruhunu da ovutmaq...

Onunla söhbətimiz uzun oldu. Uşaqlar tamaşa salonunda nağıla baxdılar, biz də Sənanın qısa, dolğun və şərəfli nağıla dönən gerçək ömrünə birgə nəzər saldıq...

Şəhid mayor Zamanov Sənan Qahir oğlu 17 avqust 1987-ci ildə Qusar rayonunun Çiləgir kəndində dünyaya göz açmışdı. Atası hərbçi olduğundan bir neçə məktəb dəyişmiş, əvvəlcə doğma kənddə, 1994-cü ildən Bakıda 211 saylı tam orta məktəbdə, 1998-ci ildən isə Beyləqan rayonunun Milabad kənd məktəbində oxumuşdu. 2001-ci ildə qardaşı ilə birlikdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuşdu. Burada 3 il təhsil aldıqdan sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etmişdi. 2008-ci ildə oranı bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzində zabit ixtisas kursu keçmiş, 2009-cu ildən Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə taqım komandiri və bölük komandiri olmuşdu. 2011-ci ildə baş leytenant, 2015-ci ildə kapitan rütbələrini almışdı. 2016-cı ildə Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən N saylı hərbi hissəsində bölük komandiri təyin edilmiş və eyni ildə mayor rütbəsini almış, 2019-cu ildən xidmətinə Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə davam etmişdi.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanan dövrdə maddi-texniki təminat taborunun komandiri vəzifəsində döyüşlərə atılır. O da hərbçi yoldaşları kimi torpaqlarımızı düşməndən azad etmək üçün çoxdan bu anı gözləyirdi. Yalnız bir amalı vardı: qarşıya qoyulan döyüş tapşırığını ən az itkilərlə icra etmək. Bu yolda bir an belə ölümdən qorxmadı, yalnız irəli can atdı. 30 sentyabr 2020-ci ildə Suqovuşan istiqamətində gecə saatlarında gedən döyüşlərdə düşmən postuna ilk daxil olanlardan biri mayor Zamanov idi. Hər zaman əsgərlərinə sipər olan komandir burada da yolundan dönmədi, oktyabrın 1-nə keçən gecə düşmən gülləsinin ürəyinə tuş gəlməsi nəticəsində qəhrəmancasına şəhid oldu.

İndi Qusar rayon Şəhidlər xiyabanında əbədi məkan quran şəhidimizin ruhu şaddır. Çiyin-çiyinə döyüşdüyü hərb yoldaşları, o cümlədən qardaşı mayor Butay onun Vətəni bütöv görmək arzularını həyata keçirdilər.

Hər zaman nümunəvi hərbçi olmağı bacaran Sənanın qısa ömrünə sığışdırdığı uğurları çox idi. Hələ Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alarkən, 2006-cı ildə atletika üzrə ordu birinciliyində qalib olmuş, 2017-ci ildə bölük komandirləri arasında yarışda 2-ci yerə layiq görülmüşdü. Xidməti ərzində 1-ci və 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunmuşdu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 və 95-ci ildönümlərilə bağlı paradlarda da iştirak etmişdi...

Ölkə Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Cəmi 33 illik ömür və özündən sonra qoyulan böyük iz. Tez-tez hansısa zaman müqayisəsini edərkən “Bir igidin ömrüdür ki” deyirik. Beləcə, özümüz də fərqinə varmadan, əslində, bu igidlərin qısa ömrünün ən sadə və bəlkə də ən amansız təyinini edirik. Geridəki nəhayətsiz acıları, nisgili də ağır yük kimi onların həsrəti ilə yaşayanların çiyinlərinə həvalə edərək...

Həmidə NİZAMİQIZI