Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunun ilk iş günü, noyabrın 24-də iki panel iclası keçirildi.

“Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri” mövzusunda ilk panel iclası Bakı Slavyan Universitetinin kafedra müdiri, professor Rəhilə Qeybullayevanın moderatorluğu ilə keçdi.

İclasda Fransanın “Musuomans en Franse” jurnalının baş redaktoru Jan Mişel Brunun “Nizaminin fransız maarifçilik fəlsəfəsinə təsiri” adlı məruzəsi dinlənildi. Natiq bildirdi ki, Nizami xalq konsepsiyasına dərindən bələd olan mütəfəkkir kimi sonrakı dövrlərdə bir çox dövlətlərin siyasi və mədəni baxışlarına təsir göstərib. Nizami barış və azadlıq tərəfdarı idi: “Biz Nizaminin “Xəmsə”sində bu çağırışları açıq-aydın görürük. Yalnız azad insanlar Nizami əsərlərindən ilham ala bilərlər. Biz təminatlı və intizamlı cəmiyyət yaratmaqla Nizami ideyalarına əməl etmiş olarıq. Bunun üçünsə Nizaminin təbliğ etdiyi kimi elm yeganə çıxış yoludur”.

Rusiya Milli Kitabxanası Əlyazmalar departamentinin şərqşünaslıq sektorunun müdiri Olqa Vasilyeva “Xəmsə”nin Buxara nüsxəsi” mövzusunda məruzə etdi. Bildirdi ki, Nizaminin 880 illiyi ilə əlaqədar kitabxanada şairin irsinə həsr edilmiş “Sözün sehrbazı” adlı bölmə fəaliyyətə başlayıb. Məruzəçi həmçinin Rusiya Milli Kitabxanasında qorunan 1656-cı ilə aid Buxara əlyazması olan “Xəmsə”nin özəlliklərindən, kitabda yer alan miniatürlərdən də söz açdı.

Ərzurum Atatürk Universitetinin professoru Nemət Yıldırım “Nizami Gəncəvi və “İskəndərnamə”, Kırıkkale Universitetinin professoru Adnan Kara İsmayıloğlu “Nizami Gəncəvinin kimliyi və Şərqin ədəbiyyat tarixi üzərində arqumentləri” mövzularında çıxış etdilər. Qeyd olundu ki, tarix türk millətinin elə bəşəri sərvətlərini öz səhifələrində əbədiləşdirib ki, onlar öz həyatları, duruşları, fikirləri, danışıqları, əsərləri ilə dünya fırlandıqca bizə yolumuzu, istiqamətimizi göstərməkdə davam edir. Bundan əlavə, onlar itirilmiş insanlığa, səmimi olaraq həqiqəti axtaranlara bələdçi olmağa davam edəcəklər. Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə öz dövrünü qabaqlamış, ülvi məhəbbət, milli köklərə bağlılıq, ədalətli cəmiyyət, əməksevərlik kimi ən mühüm mövzulara toxunan kamil söz ustadıdır.

Məruzələrdən sonra mövzular ətrafında diskussiyalar aparıldı.

L.AZƏRİ