Ustad sənətkarın 200 illiyi münasibətilə Ankarada və Sivasda tədbirlər

 

Bu il anadan olmasının 200 illiyi qeyd olunan Azərbaycan saz-söz sənətinin qüdrətli ustadı Aşıq Ələsgər ümumtürk ədəbi və mədəni irsində böyük iz qoymuş şəxsiyyətlərdəndir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən Türk dünyasının görkəmli şəxsiyyətlərinin, o cümlədən söz ustadlarının tanıdılması, təbliğ edilməsi istiqamətində layihə və tədbirlərin keçirilməsi ənənə halını alıb. Noyabrın 27-də Ankarada, TÜRKSOY-un qərargahında Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümü münasibətilə keçirilən mərasim də bu qəbildəndir.

Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Aşıqlar Birliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən mərasimdə türkcə “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabının təqdimatı da olub.

Tədbirin rəsmi hissəsində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi Elxan Zeynalov, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Nərmin İsmayılova çıxış ediblər.

Düsen Kaseinov Aşıq Ələsgəri Azərbaycan ozan ədəbiyyatının klassiklərindən biri olduğunu bildirib. “Türk dünyasının böyük ozanı Aşıq Ələsgərin yüksək sənətini Türkiyə sənətsevərlərinə tanıtmaq için onun şeirlərindən seçmələrdən ibarət kitabı təqdim etməkdən məmnunluq duyuruq” deyən Düsen Kaseinov TÜRKSOY tərəfindən nəşr olunan kitab barədə də məlumat verib. O, Aşıq Ələsgərin kitabda yer alan şeirlərini Türkiyə türkcəsinə çevirmiş şair Kənan Çarboğaya və nəşrin ərsəyə gəlməsində əməyi olmuş hər kəsə minnətdarlığını bildirib.

Mərasimdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Prezidenti İlham Əliyevin Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinin keçirilməsi haqqında sərəncamının əhəmiyyətini vurğulayaraq bu kontekstdə Türk dünyasında fəaliyyət göstərən qardaş təşkilatların yubileyə töhfə olan təşəbbüslərini yüksək qiymətləndirib. Qeyd edib ki, Aşıq Ələsgər irsinin təbliği həm də onun doğulduğu, yaşayıb-yaratdığı Azərbaycanın qədim yurd yeri Göyçənin, bu torpağın mədəni irsinin tanıdılmasıdır: “Aşıq Ələsgər Göyçə deməkdir”.

Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Nərmin İsmayılova çıxışında Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi ilə bağlı nazirlik tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib.

Sonra “Ulu Göyçə” sənədli filmi göstərilib.

Tədbir panel toplantısı ilə davam edib. Paneldə Sivas Cümhuriyyət Universiteti Türk Araşdırmaları Mərkəzinin sədri, şair-tərcüməçi Kənan Çarboğa, Azərbaycan Aşıqlar Birliyinin (ABB) katibi Musa Nəbioğlu, “Dünya Söz Akademiyası” Dərnəyinin (Türkiyə) başqanı, professor Hayrettin İvgin, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər çıxış ediblər.

Çıxışlarda Aşıq Ələsgər yaradıcılığının araşdırılması, Azərbaycanda Ələsgər sənətinə və onun inkişafına göstərilən diqqət və qayğı, saz-söz sənəti sərrafının Türk dünyasında tanıdılmasının vacibliyi məsələlərinə toxunulub. Diqqətə çatdırılıb ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında ustad Aşıq Ələsgərin yaradıcılığı xüsusi bir mərhələdir. Dədə Ələsgər xalq arasında sayılıb seçilən sənətkar kimi “Haqq aşığı” adını qazanıb və sevilib.

Tədbir çərçivəsində musiqili bədii hissə də təqdim olunub. Azərbaycanlı aşıq Ramin Qarayev və türkiyəli el sənətkarı Səlahəddin Dündar Aşıq Ələsgərin əsərlərindən nümunələr ifa ediblər.

***

Ustad aşıqlarımızın hər biri öz dövründə müəyyən yeniliklər edib. Ustad Ələsgərin bu sənətə gətirdiyi yeniliklər hər zaman diqqətdə olub. Bu fikri professor Hayrettin İvgin söyləyib.

Aşıq Ələsgərin böyük yaradıcılıq irsi formalaşdırdığını diqqətə çatdıran professor Hayrettin İvgin vurğulayıb ki, Aşıq Ələsgər yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının aşığı, aşıqlıq sənətinin ən böyük ustadıdır.

Məqsədimiz Aşıq Ələsgəri Türkiyə ictimaiyyətinə daha geniş tanıtmaqdır. Bunu isə Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı söyləyib.

Azərbaycanın böyük el sənətkarının 200 illiyi münasibətilə Türkiyədə də tədbirlər keçirildiyini deyən Elçin Qafarlı TÜRKSOY-un da Aşıq Ələsgərin yubileyinə töhfə verdiyini diqqətə çatdırıb: “TÜRKSOY olaraq Aşıq Ələsgərin seçmə şeirlərini türk dilinə uyğunlaşdırıb nəfis şəkildə nəşr etdirdik. Kitabın təqdimatının Türk dünyasının mədəniyyət ocağında keçirilməsi mühüm məsələdir. Əminəm ki, bu kitab ustad Aşıq Ələsgərin Türkiyədə daha geniş tanınmasına təsir göstərəcək”.

***

Qeyd edək ki, TÜRKSOY-un təşəbbüsü ilə Aşıq Ələsgərin 200 illiyi münasibətilə daha bir tədbir noyabrın 28-də Türkiyənin aşıqlar diyarı Sivasda keçirilib.

TÜRKSOY və Sivas Valiliyinin birgə keçirdiyi mərasimə Sivas bələdiyyə başqanının müavini Turan Topgül, Sivas valisinin müavini Şakir Öner Öztürk, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, digər dəvətlilər qatılıblar.

Rəsmi hissədə Şakir Öner Öztürk, Turan Topgül və Elçin Qafarlı çıxış ediblər. Mərasimin panel bölümündə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgər, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu və tədqiqatçı alim Doğan Kayanın çıxışları dinlənilib.

TÜRKSOY tərəfindən nəşr edilmiş “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabının simvolik lenti kəsilərək təqdimatı keçirilib.

Bədii hissədə aşıqlar Ramin Qarayev, Yavuz Altay Erkani və Ruhsati Eroğlu çıxış ediblər.

Səfər zamanı Sivas valisi Salih Ayhan və bələdiyyə başqanı Hilmi Bilgin Azərbaycan nümayəndə heyətini qəbul ediblər. Heyətə rəhbərlik edən Elçin Qafarlı valiyə “Zəfər salnaməsi”, bələdiyyə başqanına “Qarabağ” kitablarını hədiyyə edib. Həmçinin valiyə və bələdiyyə başqanına TÜRKSOY-un nəşrləri təqdim olunub.

Mehparə SULTANOVA
Ankara