Noyabrın 29-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq qonaqları salamlayıb.

Sonra söz Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin sektor müdiri Altun Mikayıllıya verilib. O, ansamblın kollektivini əlamətdar ildönümü münasibətilə təbrik edərək, xoş sözlərini çatdırıb, yeni yaradıcılıq uğurları arzulayıb.

Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı ansamblın fəaliyyəti haqqında ətraflı danışıb. Onun çıxışı ansamblın 25 illik fəaliyyəti ilə bağlı muzeyin hazırladığı slayd-şou ilə müşayiət olunub.

Daha sonra Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Maya Qafarova, Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev, Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani çıxış ediblər.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi Çingiz İbrahimov çıxış edərək, komitənin sədri Cəmilə Səttarovanın ansambla təbriklərini çatdırıb və musiqiçilərə fəxri fərman və pul mükafatları təqdim edib.

Tədbirin bədii hissəsində Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər – Xalq artisti Munis Şərifov) ifasında konsert proqramı təqdim edilib.