Masallı RMİ Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı “Şuşa fatehi” adlı tamaşa-kompozisiyanı nümayiş etdirib. Yazıçı-publisist Nurəddin Ədiloğlunun Masallı şəhidlərindən bəhs edən kitabı əsasında səhnələşdirilən tamaşa Vətən müharibəsi şəhidi Rafail Hüseynova ithaf olunub.

RMİ-nin rəisi Bəxtiyar Qılıncov, rayon rəhbərliyi, şəhid ailələri, yerli ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə şəhid R.Hüseynovun şəxsi əşyalarından ibarət sərgiyə baxış keçirilib. Şəhidin döyüşlər zamanı çəkilmiş həvəskar videokadrları maraq və həyəcanla izlənilib.

Sonra tamaşa-kompozisiya təqdim edilib. Hadisələr Şuşa şəhəri uğrunda həlledici döyüşlərə hazırlıq fonunda cərəyan edir. Şeir kompozisiyalarında müqəddəs şəhidlik zirvəsi vəsf edilib, Vətən övladlarının şücaəti poetik boyalarla ifadə olunub.

Xalq teatrının əməkdaşları Cəmaləddin Əliyev, Elsevər Əliyev və Ruslan Zahidovun birgə quruluş verdiyi tamaşada rolları teatrın kollektivi ilə yanaşı, Masallı Dövlət Regional Kollecinin tələbələri ifa edib.