30 noyabr – 1 dekabr 2021-ci il tarixlərində UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, iclas çərçivəsində 30 noyabr 2021-ci il tarixində UNESCO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib. Komitə üzvlüyünə ölkəmizin də namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikası növbəti 4 il müddətinə Komitəyə üzv seçilib.

Xatırladaq ki, noyabrın 17-də, UNESCO Baş Konfransının 41-ci sessiyası gedişində Azərbaycan Respublikası 2022-2025-ci illər üzrə təşkilatın İcraiyyə Şurasına üzv seçilib.

Hər iki seçkilərdə əldə edilmiş nailiyyət Azərbaycanın UNESCO dəyərlərinə sadiqliyinin beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsinin göstəricisidir.

Azərbaycan, həmçinin UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin (2018-2022) və Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyanın Hökumətlərarası Komitəsinin (2019-2023) üzvüdür.