Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Xalq rəssamı Kamil Əliyevin (1921-2005) 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib.

Tədbirdə çıxış edən NMR Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək Prezident İlham Əliyevin bu il oktyabrın 12-də Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzaladığını diqqətə çatdırıb. O, deyib ki, Ali Məclisin sədri Vasif Talıbov tərəfindən də Xalq rəssamının yubileyinin muxtar respublikada qeyd olunması ilə bağlı sərəncam imzalanıb, tədbirlər planı təsdiq olunub.

NMR Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva qeyd edib ki, sərgidə rəssamın əsərlərinin 26 ədəd fotosurəti, Hüseyn Cavidin Ev-Muzeyinin ekspozisiyasında sərgilənən “Azərbaycan” xalçası və sənətkara həsr olunmuş kitablar yer alıb.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova görkəmli sənətkarın ömrünü xalça sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına həsr etdiyini deyib.

Kamil Əliyevin Ev-Muzeyinin direktoru, qızı Nərminə Əliyeva atasının dünyada tanınmasından, ölkəmizdə xatirəsinin əziz tutulmasından qürur hissi duyduğunu vurğulayıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.