Azərbaycan

 

6 dekabr 1940 – Əməkdar artist, teatr xadimi, dramaturq Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. Kiçik pyes, vodevil və musiqili komediyalar yazıb. “Bakılılar” (1938), “Kəndlilər” (1939) filmlərində çəkilib.

6 dekabr 2004 – Xalq artisti, tanınmış aktyor Muxtar Həsən oğlu Avşarov (15.2.1914 – 2004) vəfat edib. Gəncə Dram, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərdə çəkilib.

6 dekabr 2006 – Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 7.11.1940 – 2006) dünyasını dəyişib. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.) əsas partiyaları ifa edib.

 

7 dekabr 1919 – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) İstiqlal Muzeyi açılıb. Muzeyin yaradıcıları sənətşünaslar Hüseyn Mirzəcаmаlov və Məhəmməd Ağayev idi.

7 dekabr 1950 – Əməkdar mədəniyyət işçisi, instrumental ifaçı Həsənağa Bilal oğlu Sadıqov (1950 – 1.8.2018) Salyan şəhərində doğulub. “Mahirlər” ailə ansamblının yaradıcısı olub.

7 dekabr 2010 – Əməkdar incəsənət xadimi, şair Ramiz Heydər (Məmmədov; 1933-2010) vəfat edib. Sözlərinə populyar mahnılar (“Ayrılma məndən”, “Toy olsun, bayram olsun” və s.) mahnılar bəstələnib.

 

8 dekabr 1901 – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901 – 6.1.1962) Həştərxanda doğulub. 1920-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb, Azərbaycan teatrının inkişafına mühüm töhfələr verib. Filmlərdə çəkilib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır.

8 dekabr 1909 – Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (1909 – 10.1.1962) Bakıda doğulub. Akademik Opera və Balet, Türk İşçi teatrlarında çalışıb. 1939-cu ildən Akademik Dram teatrlarının aktyoru olub, kinoda (“Lətif”, 1930) çəkilib.

8 dekabr 1909 – Xalq artisti Nina Dmitriyevna Sarnatskaya (1909-1986) Bakıda doğulub. 1932-ci ildən Dövlət Rus Dram Teatrının aktrisası olub.

8 dekabr 1914 – Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914-2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

8 dekabr 1939 – Əməkdar artist, rejissor Rövşən Məmmədqulu oğlu Abdullayev (1939-1995) anadan olub. Sənədli televiziya filmləri çəkib. 

8 dekabr 1942 – Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 – 2.8.2009) Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərdə çəkilib.

8 dekabr 1946 – Xalq artisti, Dövlət mükafatı laureatı Vladimir Nikolayeviç Pletnyov (1946 – 21.2.1988) Göyçayda doğulub. Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

 

9 dekabr 1918 – Əməkdar incəsənət xadimi, yazıçı, ədəbiyyatşünas Cəlal Cabbar oğlu Məmmədov (1918 – 4.2.1983) anadan olub. “Azərbaycan” jurnalının baş redaktoru işləyib. Rus ədəbiyyatından Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatından rus dilinə tərcümələr edib.

9 dekabr 1963 – Rejissor, Əməkdar incəsənət xadimi Lətif Bəşir oğlu Səfərov (30.9.1920 – 1963) dünyasını dəyişib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib.

9 dekabr 1973 – Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Əmir oğlu Abdullayev (22.3.1914 – 1973) vəfat edib. Musiqili Komediya Teatrında fəaliyyət göstərib, filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

6 dekabr 1841 – Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (Jean Frederic Bazille; 1841–1870) anadan olub.

 

7 dekabr 1889 – Fransız filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Qabriel-Onore Marsel (Gabriel Honore Marcel; 1889 – 8.10.1973) anadan olub.

 

8 dekabr 1832 – Norveç yazıçısı, şair, dramaturq və publisist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1903) Byornsterne Martinius Byornson (1832–1910) anadan olub.

8 dekabr 1865 – Fin bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius; 1865 – 20.9.1957) anadan olub.

 

9 dekabr 1048 – Böyük türk (özbək) astronomu, coğrafiyaşünas, ensiklopediyaçı alim Əl-Biruni (Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni; 4.9.973 – 1048) vəfat edib.

9 dekabr 1717 – Alman sənətşünası, antik incəsənət tədqiqatçısı, arxeologiya elminin banilərindən biri Yohann İoaxim Vinkelman (Johann Joachim Winckelmann; 1717–1768) anadan olub.

Hazırladı:  Vüqar ORXAN