İstər Azərbaycan, istərsə də dünya elmində Nizami Gəncəvinin yaradıcılığı müxtəlif aspektlərdən öyrənilir. AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoyun yeni işıq üzü görən “Nizaminin “Yeddi gözəl” poemasında mif, folklor və təsəvvüf” monoqrafiyası da dahi şairin irsinə milli-filoloji marağın daha bir ifadəsidir.

Monoqrafiyada “Yeddi gözəl” poeması bədii-estetik işarə kimi götürülüb və əsərin Azərbaycan milli düşüncə sisteminin bədii-estetik layındakı yeri tədqiq edilib. Tədqiqat əsərində Nizami poeziyası “Yeddi gözəl” məsnəvisi əsasında Orta əsrlər dünya modeli, onun folklor-mifoloji strukturu baxımından araşdırılıb.

Nəşrdə şüurun inkişaf mərhələləri (mifoloji və tarixi şüur modelləri), “Yeddi gözəl” poemasının əsas süjetinin folklor-mifoloji semantikası, makrokosmun (“böyük dünya”) mifopoetik strukturu və funksional semantikası, poemadakı haşiyə nağıl süjetlərində sufi dünya modellərinin təriqət praktikasının və mifoloji arxetiplərin təcəssümü, mikrokosmun (“kiçik dünya”//insan) mənəvi təkamül prosesinin semiotik strukturu, irfani-psixoloji və təsəvvüfi-poetik semantikası kimi məsələlər öyrənilib.

“Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyanın elmi redaktoru akademik Muxtar Kazımoğludur.