Şəhidlik vətənpərvərliyin ən ali, ən yüksək məqamıdır. Belə ucalığa yüksəlmək, bu şərəfli adı daşımaq hər kəsə qismət olmur. Torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətənin igid oğullarından biri də baş leytenant Murad Yusif oğlu İbadovdur.

Murad İbadov 1993-cü il dekabrın 29-da Qobustan rayonunun Cəyirli kəndində anadan olub. A.Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb. Kiçik yaşlarından Vətənə xidməti özünə hədəf seçən Murad arzuladığı peşəyə yiyələnmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-cı ildə həmin məktəbi bitirərək N saylı hərbi hissədə zabit kimi xidmətə başlayıb. Həmin ilin Aprel döyüşlərində iştirak edərək böyük şücaət göstərib. Ölkəmizin ərazi bütövlüyünə qovuşduğumuz Vətən müharibəsinin ilk günlərindən Murad İbadov da döyüşə böyük ruh yüksəkliyi ilə qatılıb. O, qanlı döyüşlərdə həm öz əsgərlərinə nümunə olub, həm də onların çətin vəziyyətlərdən alnıaçıq çıxması üzün düzgün qərarlar verib.

Oktyabrın 16-na keçən gecə Ağdərə istiqamətində qızğın döyüşlər başlayır. Murad öz bölüyü ilə bir sıra strateji yüksəkliyi işğaldan azad edir. O, düşmən postuna daxil olaraq bir neçə düşməni məhv edir, özü isə yaralanır. Lakin qarşıya qoyulan tapşırığı tam yerinə yetirmək üçün döyüşü davam etdirir. Səhər saatlarında döyüş meydanında qəhrəmancasına şəhid olur.

Şəhidin anası Gülcahan İbadova deyir ki, torpaqlarımızın işğaldan azad olunması Muradın ən böyük arzusu olub: “Üç bacının bir qardaşı olan Murad fədakar, qayğıkeş, ailəcanlı idi. Kiçik yaşlarında böyükdən-kiçiyə hər kəsin hörmətini qazanmışdı. O, çoxlarına qismət olmayan şəhidlik zirvəsinə ucaldı. İndi bircə istəyim var: oğlumun şəhid olduğu yeri ziyarət edim...”.

Şəhidin atası Yusif İbadov qeyd edir ki, Muradın uşaqlıqdan hərb sahəsinə böyük həvəsi vardı: “Sonuncu dəfə müharibədən bir neçə gün əvvəl evə gəlmişdi. Sanki geri qayıtmayacağını hiss edirmiş kimi bizimlə sağollaşdı. Bilməzdik ki, həmin gün Muradı son dəfə görürük...”.

Murad İbadov noyabrın 22-də doğulduğu Cəyirli kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin.

NURƏDDİN