Xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada səfərdə olub.

Dövlət Xidmətindən bildirilib ki, nümayəndə heyəti 2-3 dekabr tarixlərində UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 16-cı iclasında iştirak edib.

Komitənin gündəliyində əsas məsələlərdən biri olan milli hesabatın müzakirəsi zamanı Dövlət Xidmətinin rəisi çıxış edərək bildirib ki, protokolun icrası barədə milli hesabatların təqdim edilməsinə Azərbaycan tərəfi böyük önəm verir. Azərbaycan tərəfinin təqdim etdiyi milli hesabatda işğaldan azad olunmuş ərazilərdə yerləşən milli irsimizlə bağlı məqamlar öz əksini tapıb. Vurğulayıb ki, hazırda ölkəmizin işğaldan azad olunmuş ərazilərində işğal zamanı dağıdılmış tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi, və bərpası üzrə tədbirlər görülür. Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinq prosesinə əsas maneə təhlükəsizlik məsələsi, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən abidələrin ətrafına yerləşdirilmiş müxtəlif tipli, həmçinin piyadalar əleyhinə minalardır.

Xidmət rəisi bildirib ki, Azərbaycan tərəfi işğaldan azad olunmuş ərazilərdə abidələrin qorunması ilə əlaqədar mütəşəkkil və sistemli fəaliyyəti həyata keçirir. Post-müharibə dövründə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı Azərbaycan tərəfi öz nümunəvi təcrübəsini digər dövlətlərlə də  paylaşmağa hazırdır.

Komitə iclası zamanı abidələrin qorunması üzrə monitorinqin və nəzarətin həyata keçirilməsi üzrə alt komitənin mandatının uzadılması qərara alınıb və Azərbaycan tərəfi də bu qərara öz dəstəyini verib.

İclas zamanı Azərbaycan təmsilçiləri iclasda fəal iştirak edərək, həm mahiyyəti üzrə, həm də təşkilati məsələlərlə bağlı çıxışlar edib, müvafiq məsələlərə dair şərh və təkliflərini diqqətə çatdırıblar.