Azərbaycan Aşıqlar Birliyinin layihəsi üzrə Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında ilk dəfə eyniadlı dastan-tamaşa hazırlanıb. Layihə “Nizami Gəncəvi İli” çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının dəstəyi ilə ərsəyə gəlib.

“Leyli və Məcnun” dastan-tamaşası dekabr 17-də Heydər Əliyev Sarayında nümayiş olunacaq.

Tamaşanın ssenari müəllifləri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır.

Dastan-tamaşada iştirak edirlər: Qələndər Zeynalov (Ustad aşıq), Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Leyli), Əli Zeynalabdinov (Qeys – Məcnun), Kəmalə Qubadlı (Leylinin anası), Elməddin Məmmədli (Qeysin dostu Zeyd), Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva (Qeysin anası), Şahniyar Əliyev (Qeysin atası), Nəbi Nağıyev (Leylinin atası), Eldar Bağırov (Səyyad), Elman Talıstanlı (Salam şahzadə), Əli Tapdıqoğlu (Nofəl pəhlivan) və saz ifaçıları Afil Bəxtiyarov, Ayxan Məlikov, Coşqun Əsgərov.