Dövlət Xidmətinin rəisi Parisdə keçirilən iclaslarda iştirak edib

 

Xəbər verildiyi kimi, Azərbaycan UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə üzv seçilib. Bununla bağlı səsvermə 30 noyabr – 1 dekabr tarixlərində Parisdə, UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası çərçivəsində keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclasda ölkəmizin də namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikası növbəti 4 il müddətinə Komitəyə üzv seçilib.

Xatırladaq ki, noyabrın 17-də, UNESCO Baş Konfransının 41-ci sessiyası gedişində Azərbaycan Respublikası 2022-2025-ci illər üzrə təşkilatın İcraiyyə Şurasına üzv seçilib.

Hər iki seçkidə əldə edilmiş nailiyyət Azərbaycanın UNESCO dəyərlərinə sadiqliyinin beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsinin göstəricisidir.

Azərbaycan həmçinin UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin (2018-2022) və Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyanın Hökumətlərarası Komitəsinin (2019-2023) üzvüdür.

***

Qeyd edək ki, UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin iclasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Dövlət Xidmətindən bildirilib ki, noyabrın 29-dan dekabrın 3-dək davam edən səfər zamanı nümayəndə heyəti, həmçinin UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına tərəf dövlətlərin 14-cü iclasında iştirak edib.

Konvensiyanın icrası ilə bağlı hesabatın müzakirəsi zamanı Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxış edib. O, Konvensiyanın vacibliyindən danışaraq, işğaldan azad olunmuş ərazilərimizdəki abidələrin vəziyyəti ilə bağlı məlumat verib, bu istiqamətdə bölgəyə UNESCO texniki missiyasının göndərilməsinin önəmini qeyd edib.

İclas zamanı Ermənistan nümayəndə heyətinin təxribat xarakterli çıxışlarına adekvat cavablar verilib və erməni tərəfin iclası siyasiləşdirməsinin yolverilməzliyi diqqətə çatdırılıb.

Azərbaycan nümayəndə heyəti 2-3 dekabr tarixində UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 16-cı iclasında da iştirak edib.

Komitənin gündəliyi üzrə Azərbaycan tərəfinin təqdim etdiyi milli hesabatın müzakirəsi zamanı Dövlət Xidmətinin rəisi çıxış edərək bildirib ki, hesabatda işğaldan azad olunmuş ərazilərdə yerləşən milli irsimizlə bağlı məqamlar əksini tapıb. Vurğulanıb ki, hazırda ölkəmizin işğaldan azad olunmuş ərazilərində işğal zamanı dağıdılmış tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi, və bərpası üzrə tədbirlər görülür. Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinq prosesinə əsas maneə təhlükəsizlik məsələsi, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən abidələrin ətrafına yerləşdirilmiş müxtəlif tipli, həmçinin piyadalar əleyhinə minalardır.

Qeyd olunub ki, Azərbaycan tərəfi işğaldan azad olunmuş ərazilərdə abidələrin qorunması ilə əlaqədar mütəşəkkil və sistemli fəaliyyət həyata keçirir. Ölkəmiz postmüharibə dövründə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı öz nümunəvi təcrübəsini digər dövlətlərlə də paylaşmağa hazırdır.

Komitə iclası zamanı abidələrin qorunması üzrə monitorinqin və nəzarətin həyata keçirilməsi üzrə alt komitənin mandatının uzadılması qərara alınıb və Azərbaycan tərəfi də bu qərara öz dəstəyini verib.