Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Misir Ərəb Respublikasında səfərdədir. Nazir dekabrın 8-də Misirin yeni inzibati paytaxtında işə başlayacaq İCESCO Baş Konfransının 14-cü sessiyasında iştirak edəcək.

Anar Kərimov səfər çərçivəsində Misir Milli Muzeyinin direktoru Sabah Abdel Razeklə görüşüb. Nazir muzeylə tanış olub.

Anar Kərimova Misirin qədim tarixini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.

Azərbaycan nümayəndə heyətini səmimi salamlayan muzey rəhbəri birgə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Dəvət üçün təşəkkürünü bildirən Anar Kərimov Azərbaycan Milli İncəsənət Muzeyində qədim Misirə aid 51 eksponatın həssaslıqla qorunduğunu diqqətə çatdırıb. Həmin sənət nümunələrinin Misir Milli Muzeyində onlayn təqdimatının böyük marağa səbəb olacağı qeyd olunub. Bəşəriyyətin qədim mədəniyyətinə sahib, sivilizasiyanın beşiyi sayılan Misirin mədəniyyət sahəsində təcrübəsindən yararlanmağın faydasını vurğulayan nazir bu istiqamətdə ikitərəfli görüşlərin, birgə layihələrin vacibliyini qeyd edib.