Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş musiqili ədəbi gecə keçirilib.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Türkiyə səfiri Refik Ali Onaner, eləcə də Fransada akkreditə olmuş diplomatlar, nizamişünas alimlər, naşirlər, jurnalistlər iştirak ediblər.

Səfir Rəhman Mustafayev, Fransanın “Musulmans en Franse” jurnalının baş redaktoru Jan Mişel Brən, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamoloqu Karim İfrak çıxış edərək, Nizami Gəncəvinin həyat və yaradıcılığından danışıblar. Nizami Gəncəvi əsərlərinin dünyanın bir çox dillərinə tərcümə olunaraq yayıldığı, onun əsərlərinə dair əlyazmaların dünyanın tanınmış kitabxanalarında saxlanıldığı qeyd edilib. Şairin yaradıcılığındakı multikulturalizm və bəşəri dəyərlərdən danışılıb. Qeyd edilib ki, Nizami “Yeddi gözəl” əsərində tolerantlığı, müxtəlif dinlərin və xalqların birgə yaşamasını aydın əks etdirib. Böyük şair və filosof irqindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq, insana çox yüksək dəyər verib.

Sonra Nizami irsindən ilham alınaraq yazılmış musiqilərdən ibarət konsert olub. Konsertdə Timur Abdikeyev (bariton), Səidə Zülfüqarova (piano), Ağarəhim Quliyev (fleyta), Səddam Novruzbəyov (balaban) çıxış ediblər.