Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un dahi Azərbaycan şairinin 880 illiyi münasibətilə ingilis dilində nəşr etdiyi “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi) kitab-albomunun təqdimatı, sərgi və muğam konserti keçirilib.

AMM-in rəhbəri Leyla Qasımova bildirib ki, “Nizami ili”ndə dünyanın bir çox ölkələrində dahi Azərbaycan şairinin yubileyinə həsr olunmuş tədbirlər keçirilib. AMM-in təşkil etdiyi tədbirlər çərçivəsində rəssam Şəhla Abbasovanın “Yeddi gözəl“ batika sərgisinin açılışı olub və şərqşünas alim Mixael Hess Nizaminin həyat və yaradıcılığına həsr olunmuş məruzə ilə çıxış edib.

Növbəti tədbirin TÜRKSOY-la əməkdaşlıq çərçivəsində hazırlandığını deyən Leyla Qasımova qeyd edib ki, Vyanada Nizami Gəncəvi mövzusunda kitabın təqdimatı özünəməxsus məna daşıyır. Çünki dahi şairin “Xəmsə“sinin nadir əlyazmalarından biri Avstriya Milli Kitabxanasının əlyazmalar fondunda qorunur və 2008-ci ildə Azərbaycan dövlətinin maddi dəstəyi ilə restavrasiya olunub.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov kitab-albom barədə məlumat verib. Baş katib noyabr ayında Türkiyənin Ədirnə, Təkirdağ, Bursa və Antalya şəhərlərində Türk dünyası sənətçilərinin iştirakı ilə Nizaminin sözlərinə yazılmış əsərlərdən ibarət konsert proqramlarının uğurla keçirildiyini də diqqətə çatdırıb. Bildirib ki, “Nizami Gəncəvi İli“ndə Azərbaycanın hüdudlarından kənarda Nizami mövzusunda ilk tədbir keçirən qurumlar arasında TÜRKSOY öndə olub. “Nizamini oxuyaq” kitab-albomunda Türk dünyası rəssamlarının Nizaminin əsərlərinə çəkdikləri miniatürlər yer alır. Təqdim edilən sərgidə miniatürlərlə yanaşı bu il 100 illik yubileyi qeyd edilən görkəmli Azərbaycan rəssamı Mikayıl Abdullayevin Nizami mövzusunda əsərləri də nümayiş olunur.

Düsen Kaseinov vuurğulayıb ki, Nizami Gəncəvinin zəngin irsinin tanıdılması böyük əhəmiyyət daşıyır və TÜRKSOY təşkilatı da bu şərəfli missiyaya öz töhfəsini verir.

D.Kaseinov və L.Qasımova “Nizamini oxuyaq” art-albomunu qonaqlara təqdim ediblər.

Təqdimatdan sonra Avstriyada yaşayan gənc musiqiçilər Amina Maşkeyeva (fortepiano) və Yerassıl Hkamit (skripka) Qara Qarayevin “Yeddi gözəl“ baletindən bir parça səsləndiriblər.

Tədbir Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbəri olduğu “Qorqud” folklor ansamblının konserti ilə davam edib. Konsertdə N.Hüseynova və Çilənay Bədəlova tərəfindən Nizami Gəncəvinin qəzəlləri üstündə muğam parçaları, eləcə də xalq mahnıları ifa olunub. Nizaminin qəzəlləri tanınmış şərqşünas alim Mixael Hessin tərcüməsində onun özü tərəfindən səsləndirilib.

Konsertdən sonra TÜRKSOY tərəfindən bu layihənin ərsəyə gəlməsində iştirak etmiş tərəfdaşlara xatirə hədiyyələri və təşəkkürnamələr təqdim edilib.