O, valideynlərini vaxtsız itirmişdi. Anası da Vətən idi, atası da. Ana yurda doğmaları kimi bağlı idi. Vətən müharibəsində xalqımıza Zəfər qüruru yaşadanlardan daha biri Tural Callad oğlu Cəlilov haqqında məlumat verəcəyik.

Tural Cəlilov 1996-cı il aprelin 10-da Qəbələ rayonunun Yeni Dizaxlı kəndində anadan olub. A.Rəhimov adına Yeni Dizaxlı kənd tam orta məktəbində təhsil alıb.

2014-cü ildə hərbi xidmətə yollanan Tural Tərtər rayonunda N saylı hərbi hissədə xidmət edir.

Sentyabrın 27-də əsir torpaqlarımızın azad olunması uğrundan başlayan Vətən müharibəsində könüllü ön cəbhəyə yollanır. Bir sıra döyüşlərdə iştirak edərək rəşadət göstərir. Oktyabrın 6-da Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur.

Şəhidin qardaşı İlkin Cəlilov qeyd edir ki, Tural kimi igidlər öz qanları ilə bayrağımızı ən yüksək zirvəyə ucaltdılar: “Düşünürəm ki, bundan sonra xüsusilə gənclərimiz şəhidlərin xatirəsini uca tutsunlar, hər uğurlarında onların məzarına gələrək halallıq alsınlar. Çünki şəhidlər bizim gələcək arzularımız üçün öz xəyallarını qurban verdilər. Ona görə də bizlər hər bir xoş anımızda şəhidlərimizə minnətdar olmalıyıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qəhrəmanımızın digər qardaşı Mehman söyləyir ki, Tural çox ürəyitəmiz, mərd, zəhmətsevər, həm də dəcəl oğlan idi: “Hər dəfə kimsə məndən Turalın qardaşı olduğumu soruşanda, “görəsən, yenə nə dəcəllik edib” deyə düşünərək həyəcanlanırdım. Amma o, elə bir qəhrəmanlıq göstərdi ki, indi mən bütün dünyaya qışqıraraq demək istəyirəm ki, bəli, mən Turalın qardaşıyam”.

Mehman Turalın Vətənə olan sevgisini yazdığı misralarla belə ifadə edir:

Necə çox sevirsənmiş Vətənini,
Onunçün canından keçdin, a qardaş!
Düşmən gülləsinə gərib sinəni,
Şəhadət şərbətin içdin, a qardaş!

Şəhidlik şərəfdir, məqamı uca,
Tarixdə qoyduğun izin silinməz,
Sizlər də varsınız biz var olunca,
Şəhidlər ölməzdir, Vətən bölünməz!

Şəhidlərimizin həyat salnaməsini vərəqlədikcə, doğrudan da, onların həyatlarının bir tarix olduğunu görürük. Bu gün Turalla nəinki ailəsi, yaxınları, bütün Azərbaycan xalqı fəxr edir.

Tural Cəlilov oktyabrın 7-də doğulduğu Yeni Dizaxlı kəndində torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin.

NURƏDDİN