Azərbaycan sənətşünaslıq məktəbinin tanınmış simalarından biri də odur. O, XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin tədqiqatçısı kimi adını incəsənət tariximizə yazıb. Pedaqoji fəaliyyəti zamanı sənətşünas mütəxəssislər yetişdirib.

Sənətşünaslıq doktoru, professor Cəmilə Həsən qızı Novruzova (9.4.1930 – 4.05.2011)  Naxçıvan torpağında dünyaya göz açmışdı. A.S.Puşkin adına Leninqrad Dövlət Universitetinə daxil olmuş, sonra təhsilini Bakıda davam etdirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Sənətşünaslıq fakültəsini bitirmişdi (1952). 1962-ci ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda böyük elmi işçi vəzifəsində işləməyə başlamış, namizədlik (1956), daha sonra doktorluq (1977) dissertasiyalarını uğurla müdafiə etmişdi. C.Novruzova uzun müddət səmərəli pedaqoji fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tələbələrə mühazirələr oxumuşdu. 1990-cı ildə professor elmi adına layiq görülmüşdü.

Professor C.Novruzovanın elmi fəaliyyət dairəsini XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin yaranması və inkişaf xüsusiyyətləri, heykəltəraşlıq problemləri və tanınmış heykəltəraşların yaradıcılığının araşdırılması əhatə edirdi. Sənətşünas alim Azərbaycan heykəltəraşlıq məktəbinin məşhur simaları P.Sabsay, F.Əbdürrəhmanov, C.Qaryağdı, M.Mirqasımov, E.Hüseynova, T.Məmmədov, Ö.Eldarov, F.Bakıxanov və başqalarının həyat və yaradıcılığına həsr olunmuş  10 monoqrafiyanın, 200-ə qədər elmi məqalənin müəllifidir. Bu sırada “Sovet Azərbaycanının monumental heykəltəraşlığı” (rus dilində, 1960), “Heykəltəraşlıq haqqında” (Mürsəl Nəcəfovla birlikdə, 1960), “Azərbaycan sovet incəsənəti” (həmmüəllif, rus dilində, Moskva, 1970), “Tokay Məmmədov” (rus dilində, 1973), “Azərbaycan sovet heykəltəraşlığı” (1973), “Fuad Əbdürrəhmanov” (1974), “Azərbaycan SSR təsviri incəsənəti” (N.Həbibovla birlikdə, 1978), “Heykəltəraşlıq” (rus dilində, 1983), “Fuad Əbdürrəhmanov” (rus dilində, 1988), “İbrahim Zeynalov” (1998) və başqa kitabları qeyd etmək olar. O həmçinin “SSRİ xalqları incəsənəti tarixi” çoxcildliyinin hazırlanmasında iştirak edib.

2000-ci illərdə Dövlət Rəssamlıq Akademiyasında oxuduğum zaman C.Novruzovanın mühazirə və seminarlarını hörmətlə xatırlayıram. Onun təhsilimi bitirdikdən sonra fəaliyyətimi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində davam etdirməyimi tövsiyə etməsi də xoş xatirələr olaraq yaddaşımdadır. C.Novruzova tələbələrinin qayğısına həssaslıqla yanaşırdı.

Keçən il professor C.Novruzovanın 90 illik yubileyi idi, bu il isə sənətşünas alimin dünyasını dəyişməsindən 10 il ötdü. Vaxt, zaman bir göz qırpımında gəlib keçir. İllər sürətlə bir-birini əvəzləyir. Dəyişməyən və dəyərini itirməyən yaxşı əməllər, özündən sonra miras qoyub getdiyin mənəvi irsdir. C.Novruzovanın elmi irsi də həmişə yaşayacaq, xatırlanacaq...

Əsəd Quli̇yev
sənətşünas, AMEA-nın dissertantı