Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının (BTA) təşkilatçılığı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illiyi, Əlişir Nəvainin anadan olmasının 580 illiyi və Yunus Əmrənin vəfatının 700 illiyinə həsr olunmuş “Şərqin ulduzları” adlı konfransı keçirilib.

Tədbirdə Qazaxıstan Parlamentinin yuxarı palatası – Senatın sədri Maulen Aşimbayev, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, deputatları, diplomatik korpusun rəhbərləri, şair və yazıçılar, ictimai nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində BTA ttərəfindən nəşr olunan Nizami Gəncəvinin, Əlişir Nəvainin və Yunus Əmrənin kitablarının təqdimatı olub.

Qeyd edək ki, Nizami Gəncəvinin “Yeddi gözəl” və “Leyli və Məcnun” poemaları qazax şairləri Tair Jarokov, Qasım Amanjolov, Jakan Sızdıkov, Dixan Əbilov, Taken Alimkulov tərəfindən tərcümə edilib. Nəşrdə tanınmış azərbaycanlı rəssamı Fəxrəddin Əli Vəlioğlunun illüstrasiyaları da yer alıb.

Eyni zamanda Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə böyük türk şairi Yunus Əmrənin əsərləri ilk dəfə ayrıca toplu şəklində qazax şairi Svetkali Nurjanın tərcüməsində işıq üzü görüb.

Bundan əlavə, BTA Əlişir Nəvainin Azərbaycan dilinə tərcümə edilmiş şerlər toplusunu hazırlayıb. Əsərlərin Azərbaycan dilinə tərcüməsini tanınmış azərbaycanlı alim Ramiz Əsgərov həyata keçirib.

Akademiyanın dəstəyi ilə, həmçinin Əlişir Nəvainin "Mühakəmət-ül Lüğəteyn" əsəri qazax dilinə tərcümə edilərək nəşr olunub.