2022-ci ildə audiovizual sənət dünyasının ilk mükafatlarının – “Qızıl qlobus”un təqdimat mərasimi keçirilib. Hollivud Xarici Jurnalistlər Birliyinin təsis etdiyi mükafatın 2021-ci il üzrə qalibləri yanvarın 9-da (Bakı vaxtilə ayın 10-da) onlayn formatda – təşkilatçıların sosial şəbəkələrdəki hesabları vasitəsilə elan olunub.

Rejissor Ceyn Kempionun (Yeni Zelandiya) “Köpəyin hökmranlığı” (“The Power of the Dog”) filmi “Ən yaxşı dramatik film” nominasiyası üzrə “Qızıl qlobus”a layiq görülüb. Ekran əsəri Montana ştatında ranço sahibi olan xaraktercə fərqli iki qardaş haqqındadır. Kempionun bu kateqoriya üzrə rəqibləri Stiven Spilberqin “Qərb tərəfin əhvalatı” (“West Side Story”) və Kennet Branın (“Belfast”) filmləri olub.

“Ən yaxşı komediya və ya müzikl filmi” nominasiyası üzrə mükafatı Stiven Spilberqin “Qərb tərəfin əhvalatı” qazanıb. Kennet Branın tarixi “Belfast” dramı “Ən yaxşı ssenari”, “Duna” filminə görə bəstəkar Hans Zimmer (Almaniya) “Filmə bəstənilən ən yaxşı musiqi” nominasiyalarının qalibi seçilib.

“Ən yaxşı aktyor” adını Vil Smit (“Kral Riçard” dramatik filmi), “Ən yaxşı aktrisa” adını isə Nikol Kidman (“Rikardo olmaq” dramatik filmi) qazanıb.

Nikol Kidman “Qızıl qlobus”a layiq görüldüyü ekran əsəri 1950-ci illərin populyar “Mən Lüsili sevirəm” ABŞ serialının çəkilişlərindən bəhs edir. Real həyatda həyat yoldaşı olmuş aktyorlar Lüsil Boll (Nikol Kidman) və Desi Arnas (Xavier Bardem) şəxsi problemlərini həll etməyə və ictimai həyatda öz yerlərini tapmağa çalışırlar.

“Komediya və ya müzikl janrında ən yaxşı aktrisa” nominasiyasının qalibi “Qərb tərəfin əhvalatı” filmindəki roluna görə amerikalı aktrisa Reyçel Zeqler olub. Film 1950-ci illərin Nyu-Yorkunda kriminal dəstənin qarşıdurmasından bəhs edir.

Yaponiyalı kinematoqrafçıların çəkdiyi “Maşınımın sükanına keç” (“Drive my car”, rejissor Ryusuke Hamaquçi) bədii filmi ingilis dilində olmayan filmlər kateqoriyasında “Qızıl qlobus” mükafatına layiq görülüb. Xatırladaq ki, ekran əsəri ötən il Kann Film Festivalının ən yaxşı ssenari üzrə mükafatçısı da olub.

Amerikanın HBO kanalında yayımlanan “Varislər” serialı “Ən yaxşı televiziya serialı” nominasiyası üzrə “Qızıl qlobus” alıb.

Bundan əlavə, “Ən yaxşı animasiya filmi” və digər nominasiyalar üzrə qaliblər də elan olunub.

Qeyd edək ki, 1944-cü ildən etibarən təqdim edilən “Qızıl qlobus” Amerika kinosunun “Oskar”dan sonra ikinci nüfuzlu mükafatıdır. “Qızıl qlobus” eyni zamanda kinematoqrafçılar üçün “Oskar”a aparan əsas yol sayılır...