Azərbaycanın tarix və mədəniyyətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının İsraildə ivrit dilində çapdan çıxan növbəti nömrəsi Azərbaycanın İkinci Qarabağ müharibəsində Zəfərinə həsr olunub.

Jurnalın baş redaktoru Musa Mərcanlı ön sözdə İkinci Qarabağ müharibəsindən bəhs edərək yazır ki, Ermənistan tərəfdən Azərbaycan torpaqlarının işğalı əbədi davam edə bilməzdi. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində otuz illik işğala son qoydu.

Nəşrdə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun “Qarabağın azad olunması ilə bütövləşən Azərbaycan mədəniyyəti” başlıqlı məqaləsi də verilib. Məqalədə Qarabağın keçmişindən, buradakı qədim alban xristian mədəniyyətinə aid abidələrdən, diyarın yeni tarixindən söz açılır.

Jurnalda “Müharibə və sülh” adlı başqa bir məqalədə isə 44 gündə əldə olunan Zəfərin analizi aparılır, Azərbaycanın haqlı mövqeyi və Vətən müharibəsinin arxasında duran milli birlik haqqında danışılır.

İsraillə Azərbaycan arasında möhkəm, səmimi dostluq münasibətləri ildən-ilə güclənir. Bu dostluğun zəngin tarixi və mədəni kökləri var. Buna ən bariz nümunə qədim zamanlardan Azərbaycanda yerli xalqla multikulturalizm və tolerantlıq, mehribanlıq şəraitində yaşayan dağ yəhudiləridir.

“İRS”in ivrit dilində yeni nömrəsində dağ yəhudilərinə, onların mədəniyyətinə və Azərbaycanın multikultural palitrasında yerinə həsr olunmuş material da oxucuların diqqətini cəlb edəcək. Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun müəllif olduğu məqalədə Qubanın Qırmızı qəsəbəsində yaşayan dağ yəhudilərinin tarixi ilə bağlı maraqlı faktlar açıqlanır, nadir şəkillər oxuculara təqdim edilir.

Jurnalın İsrail üzrə məsul redaktoru, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qutun verdiyi məlumata görə, “İRS”in ivrit dilindəki bu nömrəsinin geniş təbliğatı olacaq. Çünki bu ölkədə çoxsaylı azərbaycansevər insanlar və ələlxüsus da böyük diasporumuz var. Onlar nəşrdən Azərbaycan tarixi, mədəniyyəti, turizm potensialı, Qarabağ həqiqətləri haqqında müfəssəl məlumatı əldə edə bilərlər.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bir neçə dəfə olmuşam. İlk andan belə bir hiss var idi ki, erməni ordusu bu ərazilərdə yandırılmış torpaq taktikasını həyata keçirib. Bütün bu 27 il ərzində işğalçı erməni ordusu talançılıq və vandalizmlə məşğul olaraq Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan kimi şəhərləri yer üzündən silib...

Vaxtilə küçələrin və evlərin, məktəblərin və muzeylərin olduğu yerdə mən indi yalnız işğalçı erməni ordusunun yandırdığı qapı dirəklərini və sütunlarını, sökülmüş pəncərə çərçivələrini gördüm. Əgər ermənilər bu torpaqları özününkü adlandırırlarsa, o halda niyə bu ərazilər kabus-şəhər kimi görünür, niyə onlar bu şəhərləri nəhəng sayda mina ilə və tank üçün tunellərlə qoyub gediblər, görəsən, ermənilərdə vətən belə kabus görünürmü?”, – deyə Arye Qut belə bir ritorik sualla müraciət edir.

Jurnalın yeni nömrəsində oxucular İkinci Qarabağ müharibəsinin uğurları ilə bərabər Azərbaycanın mədəniyyətinə, incəsənətinə, görməli yerlərinə aid digər məqalələrlə də tanış ola bilərlər. Azərbaycan Turizm Agentliyinin İsraildə fəaliyyət göstərən nümayəndəliyinin dəstəyi ilə ölkəmizin turistik potensialı ilə bağlı böyük məqalə də dərc olunub.