Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış ikihissəli tamaşa yanvarın 16-da növbəti dəfə nümayiş olunacaq.

Xalq artisti Azər Paşa Nemətovun 2016-cı ildə quruluş verdiyi səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir. Tamaşada böyük bəstəkar Qara Qarayevin 1966-cı ildə Tofiq Kazımovun quruluşunda “Ölülər” əsəri üçün yazdığı musiqi yeni versiyada təqdim olunur. Xalq artisti Rauf Abdullayevin idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında lentə alınmış musiqini simfonik orkestr üçün mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Rauf Əliyev işləyib.

“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olacaq.

Cəlil Məmmədquluzadənin  “Ölülər” tragikomediyası ilk dəfə 1916-cı ildə Hüseyn Ərəblinski tərəfindən səhnələşdirilib.