Kino salnaməsinin foto yaddaşını yaradanlar

 

Əməkdar mədəniyyət işçisi, tanınmış fotoqraf-rəssam Pərviz Quliyevin 80 illik yubileyi yanvarın 11-də Beynəlxalq Muğam Mərkəzində (BMM) qeyd edildi. 

Azərbaycan kinematoqrafiyasının fədakar veteranını təbrik etməyə təkcə qohumları və dostları deyil, uzun illər çiyin-çiyinə çalışdığı mədəniyyət xadimləri də gəlmişdi. Əvvəlcə BMM-in foyesində Pərviz Quliyevin milli kinomuzun bələdçisi olan fotolarından ibarət videoçarx təqdim edildi.  

Tədbiri Əməkdar mədəniyyət işçisi, telejurnalist Rahib Azəri açaraq Azərbaycan kinosunun tarixi səhifələri və kinoda fotoqraf sənəti haqqında düşüncələrini bölüşdü. 

Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxışında Pərviz Quliyevin kinoda xidmətlərindən söz açdı. Diqqətə çatdırdı ki, Azərbaycan kino salnaməsinin foto yaddaşının toplanmasında, qorunub saxlanmasında onun böyük zəhməti olub: “Öz arxivini bir neçə il əvvəl Dövlət Film Fonduna hədiyyə edən Pərviz Quliyevin çəkdiyi fotoşəkillər geniş bir dövrü əhatə edir, onların arasında çox nadir fotolar da var. Onun fotolarında insanların taleləri, böyük zəhmət, kino xadimlərimizin yaradıcılıq axtarışları, filmlərimizin yaranma tarixi əks olunub. Pərviz Quliyevin yaradıcılığı kinomuzun bu günü ilə keçmişi arasında bir körpüdür”.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, bəstəkar, Xalq artisti Faiq Sücəddinov çıxış edərək yubilyara təbriklərini çatdırdılar.

Gecədə Azərbaycan kino musiqilərindən nümunələr səsləndirildi. Xalq artistləri Murad Hüseynov, Ənvər Sadıqov, Siyavuş Kərimi, Elçin Həşimov, Əməkdar artistlər Ramil Qasımov, Elnur Əhmədov, İnarə Babayeva və “Avanqard” orkestrinin ifasında kino tariximizə musiqili səyahət tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Tədbirin sonunda yubilyar çıxış edərək təşkilatçılara və qonaqlara təşəkkürünü bildirdi.

Pərviz Quliyev ömrünün düz 55 ilini Azərbaycan kinosuna həsr edib. Uşaqlıqdan onda fotoqrafiyaya böyük sevgi yaranıb. Atası onun üçün kiçik “Smena” fotoaparatı alıb. Pərviz Quliyev ilk dəfə məhz onunla çəkməyə başlayıb və elə ilk fotolaboratoriyasını da evinin zirzəmisində qurub.

Yubilyar urnalistlərə müsahibəsində tədbirin onun üçün gözlənilməz bir hadisə olduğunu qeyd etdi. Sənət dostları, görkəmli kino xadimlərinin pandemiyadan sonra bir arada toplanmasından məmnunluğunu bildirdi: “Mən kinonu çox sevirdim. Hələ uşaq yaşlarımdan arzum çəkiliş meydançasında olmaq idi. Bu arzumun reallaşmasında mənə qonşumuz, Azərbaycan kinosunda uzun illər fəaliyyət göstərmiş rəssam Nadir Zeynalov yardımçı oldu. 12 yaşım olanda ondan xahiş etdim ki, məni özü ilə “Azərbaycanfilm” Kinostudiyasına aparsın. O, mənə icazə vərəqəsi verdi və filmlərin çəkilişlərinə getməyə başladım. Bu gün kinomuzun əfsanəsi sayılan filmlərin çəkilişini müşahidə etmişəm. İlk filmim “Arşın mal alan” oldu. Oradan da unudulmaz aktyorumuz Həsən Məmmədovla tanışlığım oldu və biz onunla ömrünün sonunadək ən yaxın dostlar idik. Ceyhun Mirzəyevin “Ögey ana”da çəkilişlərinin şahidi olmuşam. Onunla sonuncu filmi olan “Fəryad”da işləmək mənə nəsib oldu. Demək olar ki, kinomuzun bütün görkəmli xadimləri ilə birlikdə çalışmışam. Rejissorlar Əjdər İbrahimov, Hüseyn Seyidzadə, Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov, Tofiq Tağızadə, Arif Babayev, Eldar Quliyev, Rasim Ocaqov, Rasim İsmayılov və başqa rejissorlarla işləmək hədsiz xoş idi. Bütün rejissorlarla çox yaxşı münasibətim olub. Amma Arif Babayevlə daha yaxın dostluğumuz var idi. Eyni binada yaşayırdıq. Arif Babayev çox maraqlı və istedadlı insan idi və mən onunla demək olar ki, bütün filmlərində işləmişəm. Azərbaycan kinosunun “qızıl fond”una daxil edilmiş 50-dən çox filmin çəkilişlərində iştirak etmişəm...”.

Beləliklə, soyuq yanvar gecəsində Azərbaycan kinosunun veteranlarının bir araya toplandığı maraqlı tədbirdə kino tariximizin səhifələri bir daha vərəqləndi. Səmimi, ötən günlərin xoş xatirələri və kinoya sevgi dolu bir gün pozitiv notlarla tamamlandı...

L.Azəri