Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstanın “Çingiz Aytmatov medalı” ilə təltif olunub.

Fonddan bildirilib ki, Günay Əfəndiyeva bu medala Çingiz Aytmatov irsinin, Qırğızıstanın və bütövlükdə, Türk dünyasının zəngin mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində çoxşaxəli fəaliyyətinə görə layiq görülüb. Medal Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanaliyev tərəfindən təqdim olunub.

Məlumatda o da qeyd olunur ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycanda görkəmli yazıçı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib, ədibin “Cəmilə” povesti əsasında qırğız dilində hazırlanmış tamaşa nümayiş olunub.

Fondu bir neçə dəfə ziyarət edən Qırğızıstan səfiri Kayrat Osmanaliyev təşkilatın kitabxanasına ölkəsinin mədəniyyətini, tarixini və adət-ənənələrini əks etdirən nəşrlər, muzeyinə isə qədim qırğız musiqi aləti – komuz bağışlayıb.