Yanvarın 14-də Moskvada Türkiyənin və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü keçiriləcək.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 13-də keçirdiyi brifinqdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına tərəfdar olduqlarını deyib.

“Dialoq Türkiyə və Ermənistan arasındadır. Biz bu formata daxil deyilik. Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlər, dialoqun qurulması, təmasların normallaşdırılması barədə prinsipial mövqeyimizi dəfələrlə ifadə etmişik, işdə və praktikada da kömək etmişik”, – deyə M.Zaxarova vurğulayıb.

Rusiya XİN rəsmisi yanvarın 11-də Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlik barədə suala da cavab verib. Bildirib ki, uzunmüddətli planda regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının əsas resepti Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesinə başlanmasıdır: “Bu barədə üç ölkə liderinin 26 noyabr 2021-ci il tarixli birgə bəyanatında da qeyd olunub. İkitərəfli komissiyanın yaradılması üzrə işləri aparmaq vacibdir. Rusiya buna hərtərəfli və məsləhətli yardımını etməyə hazırdır”.